"AXCP və Müsavat yenə kənarda qaldı" - Arzu Nağıyev

17 İyun 2021 23:06 (UTC+04:00)

“Siyasi partiyalar Azərbaycan və Türkiyənin gələcəkdə həyata keçirəcəkləri birgə fəaliyyətini vacib hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğunu bildirdilər. Siyasi partiyaların belə bir həmrəylik göstərməsi çox əhəmiyyətlidir".

Bu sözləri millət vəkili Arzu Nağıyev AzNews.az analitik-informasiya portalına Şuşa Bəyannaməsinin əhəmiyyətini və siyasi partiyaların bəyannaməyə münasibətini şərh edərkən deyib.

O bildirib ki, bu sənəd Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin Azərbaycandan dəhliz vasitəsilə Naxçıvandan bir başa Türkiyəyə və Avropaya çıxışın yaradılması üçün böyük nəaliyyətdir:

“Şuşa Bəyannaməsi çox mühüm məsələləri özündə ehtiva edir. Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda ən mühüm müddəalardan biri tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Beləki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin Azərbaycandan dəhliz vasitəsilə Naxçıvandan birbaşa Türkiyəyə və Avropaya çıxışın yaradılması böyük nəaliyyətdir. Şuşa Bəyannaməsi Cənubi Qafqazda və həmçinin regionda sülhün təminatı deməkdir. Bəyannamənin bütün müddəaları düşünülmüş, hər bəndi ayrılıqda şərh olunması gərəkən çox önəmli sənəddir. Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, ermənilər Türkiyə prezidenti Cənab Ərdoğanın Şuşaya səfərini Türkiyənin Turançılıq ideyasını yayılması istiqamətində atdığı addım kimi qələmə verməyə çalışırlar. Qərb dairələrinin də bu ideyalarla bağlı olan fikirləri məlumdur. Əslində isə hər zamankı kimi Ermənistan tərəfinin gözlə görünən provokasiyalarıdır. Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir”.

Millət vəkili siyasi partiyaların “Şuşa Bəyannaməsi” münasibətini dəyərləndirərək belə məsələlərdə müxalifətçilik siyasətinin önəmli olmadığını qeyd edib.

"Zənnimcə, elə məsələlər var ki, burada siyasi ambisiyaları bir kənara qoyub dövlət və dövlətçiliyi ön plana çəkmək lazımdır. Söhbət ərazi bütövlüyündən, suverenlikdən, müstəqillikdən gedir. Hər bir Azərbaycan vətəndaşı siyasi əqidəsindən, məsləkindən asılı olmayaraq bu prizmadan yanaşmalı və çıxış etməlidir. Məhz buna görə də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yaydılar və Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilməsinin vacibliyinin göstərdilər. Eyni zamanda siyasi partiyalar Azərbaycan və Türkiyənin gələcəkdə həyata keçirəcəkləri birgə fəaliyyətini vacib hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğunu bildirdilər. Siyasi partiyaların belə bir həmrəylik göstərməsi çox əhəmiyyətlidir. Ancaq bu həmrəyliyi dəstəkləməyən partiyalar da oldu. AXCP və Müsavat partiyası kimi. Düşünürəm ki, belə məsələlərdə müxalifətçilik siyasəti önəmli olmamalıdır. Çünki bu qələbə, eyni zamanda imzalanan bəyannamə tək iqtidar partiyasının deyil, prezidentlər başda olmaqla Azərbaycan və Türkiyə xalqlarının mühüm qələbəsidir. Məlumdur ki, hər iki partiya tək bu proseslərdə deyil ,bir sıra məsələlərdə də kənarda qalıblar”, - deyə A. Nağıyev əlavə edib.

Şəbnəm Zahir

AzNews.az