Milli Şuranın sessiyası Müsavatda keçiriləcək

19 İyun 2013 14:14 (UTC+04:00)
Milli Şuranın təsisdən sonrakı ilk sessiyası 21 iyunda keçiriləcək. Bu barədə musavat.com-a MŞ-nin təsisçilərindən biri məlumat verib. O, deyib ki, MŞ-nin sessiyası səhər 11-də başlayacaq. Gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələridir. Eyni zamanda, MŞ-nin sturukturlaşdırılması məsələsi, komissiyaların təşkili də gündəliyə salınacaq. Lakin tamamilə mümkündür ki, iştirakçılar tərəfindən başqa məsələlər, xüsusi ilə də MŞ-nin vahid namizədi məsələsi də gündəliyə gətirilsin.

Mənbə onu da qeyd edib ki, MŞ-nin sessiyası Müsavat Partiyasının qərərgahında keçiriləcək. Digər bir qaynaqsa bildirir ki, MŞ-nin sessiyasının gərgin keçəcəyi gözlənilir. Buna səbəb MŞ-yə sədr seçilmiş Rüstəm İbrahimbəyovun Bakıya gəlməkdən imtina etməsidir. MŞ-nin bir sıra çəkili təsisçiləri şərt qoyublar ki, əgər kimsə (R. İbrahimbəyov) müxalifətin vahid namizədi olmaq istəyirsə, mütləq Bakıda olmalıdır. Bu səbəbdən, İbrahimbəyovun qızğın tərəfdarları və onun hətta virtual olaraq, vahid namizəd olmasını istəyənlərlə yuxarıda səslənən prinsipin tərəfdarları arasında münaqişənin olması qaçılmaz görünür.

AzNews.az