XİN rəsmisi: "Məsələ araşdırılacaq"- Yenilənib

19 İyun 2013 16:20 (UTC+04:00)
Kanada hökuməti Azərbaycanın kayak və kanoe üzrə milli komandasının 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirakına icazə vermir.


"Kanadanın Ankaradakı səfirliyinin Azərbaycan milli komandasına viza verməməsi ilə bağlı məsələ araşdırılacaq". Bunu Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Azərbaycanın yeniyetmə və 23 yaşadək kayak və kanoeçilərdən ibarət milli komandasının avqustun 1-də Kanadanın Velland şəhərində start götürəcək dünya çempionatında iştirakına icazə verilməməsinin səbəbini öyrənmək üçün Kanada səfirliyi ilə əlaqə saxlayacaqlar: "Görək Ankaradakı nümayəndəlikdən nə deyəcəklər? Onlara təqdim olunan sənədlər qaydasında olubmu?".


***16:32

Bu haqda Lent.az-a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva bildirib.

O deyib ki, ölkəmizin avqustun 1-də Kanadanın Velland şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında start götürəcək nüfuzlu yarışda təmsil olunmasına 2 dəfə rədd cavabı verilib. Kanadanın Azərbaycandakı səfirliyi olmadığından, Türkiyənin paytaxtı Ankarada yerləşən diplomatik nümayəndəlik müvafiq sənədləri geri qaytarıb.
Əliyevanın sözlərinə görə, problemlə əlaqədar Beynəlxalq Kanoe Federasiyası (İCF), dünya çempionatının təşkilat komitəsi, eləcə də Azərbaycanın Xarici İşlər, Gənclər və İdman nazirliklərinə rəsmi müraciət olunub. İCF və təşkilat komitəsi də Kanadanın Ankaradakı səfirliyinə məktub yazsa da, müsbət cavab almayıb. AMAF rəsmisi iyunun 24-də Kanadanın Ankaradakı səfirliyinə yollanaraq, dünya çempionatının əhəmiyyətini anlatmaq fikrindədir: "Bakıdan Ankaradakı səfirliyə telefon açdıqda avtomatik cavab verilir və heç kiminlə danışmaq mümkün olmur. Ona görə də səfirliyə şəxsən müraciət edəcəyik".

Qeyd edək ki, Velland şəhərindəki dünya çempionatı Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdir. Kanada səfirliyi Azərbaycan yığmasının 2009-cu ildə Dartmut şəhərində böyüklər arasında keçirilmiş kayak və kanoe üzrə dünya çempionatında da iştirakına icazə verməyib. Lakin Azərbaycanın müvafiq qurumları işə qarışdıqdan sonra problem həll olunub.

AzNews.az