Ərdoğanın Azərbaycana səfəri böyük siyasi və mənəvi əhəmiyyətə malikdir - Rafiq Əliyev

18 İyun 2021 23:58 (UTC+04:00)

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri həm böyük siyasi, həm də mənəvi əhəmiyyətə malikdir. Qardaş ölkənin Prezidenti işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısı oldu. Bu isə iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun göstəricisidir. Bu səfər zamanı gerçəkləşdiriləcək layihələrin müzakirəsi, imzalanan Bəyannamə və verilən birgə bəyanatlar həm də bir mesaj oldu".

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev deyib. Onun sözlərinə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində iyunun 16-da Milli Məclisdəki çıxışı da beynəlxalq aləmin diqqət mərkəzində oldu: "Qarabağda gördüklərini "Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın"” fikirləri ilə ifadə edən qardaş ölkənin Prezidenti bir daha ermənilərin Qarabağda həyata keçirdikləri vəhşilikləri tənqid etmişdir".

Rafiq Əliyev deyib ki, həmin çıxışda diqqətçəkən məqamlardan biri də altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma təklifinə də toxunulması idi: "Belə ki, yaradılacaq platforma ilə bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qaldırılaraq qarşılıqlı etimad və əməkdaşlıq çərçivəsində regionda təhlükəsizlik təmin olunacaqdır".

"Bu gün Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda, regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına hesablanıb. Bu baxımdan bugünkü səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə R.Əliyev sonda bildirib.