"Ermənistanda vətəndaş müharibəsi ehtimalı daha da çoxalır" - ŞƏRH

21 İyun 2021 17:02 (UTC+04:00)

Ermənistanda çoxdan gözlənilən növbədənkənar parlament seçkiləri yekunlaşdı və baş nazir funksiyasını yerinə yetirən Paşinyan qalib gəldi. Lakin göründüyü kimi, seçkilərdə qanun pozuntuları, saxtakarlıqlar kifayət qədər çox oldu. Bu isə Ermənistanda siyasi xaosun və etirazların baş verəcəyini qaçılmaz edir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, seçki günü 79 cinayət xarakterli pozuntu qeydə alındı, səslərin sayılması zamanı bir neçə vilayətdə işıqlar söndü. Hələ çoxlu sayda şikayət baxılmaqdadır və istisna deyil ki, saxtakarlıq halları kifayət qədər artacaq.

Politoloqun fikrincə, bu cür qanun pozuntuları və saxtakarlıqlarla müşahidə olunan seçkilərdən sonra Ermənistanda siyasi gərginliyin və böhranın dərinşləşəcəyi qaçılmazdır: “Artıq siyasi qüvvələr arasında gərginlik özünü göstərməkdə, qarşılıqlı ittihamlar artmaqdadır. Uduzduğunu qəbul etmək istəməyən "Ermənistan" blokunun rəhbəri, cani, korrupsioner, əli azərbaycanlıların qanına batmış Robert Koçaryan jurnalistlərə verdiyi müsahibədə səlahiyyətli nümayəndələri səsverməyə müdaxilədə, qanun pozuntularında günahlandırır. Çünki o bilir ki, hökumətin formalaşmasında oyundan kənarda qalacaq. Bu baxımdan, Koçaryanın bundan sonrakı mərhələdə gərginliyi artıracaq davranışları daha çox müşahidə olunacaq.

Bununla yanaşı, baxmayaraq ki, seçki baş tutdu, lakin bu, hələ də Ermənistanın tam müstəqilliyi demək deyil. Müstəqil xarici siyasət yürüdə bilməyən, müəyyən dairələrin diqtəsi ilə oturub-duran Ermənistanın havadarlarından siyasi, iqtisadi, hərbi asılılığı da davam edir.

Bütün bu amillər isə iğtişaşlara, ölkədə mövcud olan fikir ayrılığı və anarxiyaya səbəb olacaq. Gözlənilən ssenaridir ki, müxalifət tərəfdarlarını etiraz üçün küçələrə səsləyəcək, iğtişaşlar olacaq, nəticə etibarilə vətəndaş müharibəsi ehtimalı daha da çoxalır. Bu isə Ermənistanın təkcə dövlət kimi yox, cəmiyyət olaraq da böhranından xəbər verir”.