“Azərbaycan - Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz” - Deputat

21 İyun 2021 17:34 (UTC+04:00)

“Azərbaycan - Türkiyə dostluq və qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu qardaşlıq tarixi köklərə, milli - mənəvi dəyərlərə, nəcib amallara arxalanır. “Bir millət iki dövlət”, “Azərbaycan - Türkiyə dostluğu əbədi və sarsılmazdır”, “Sevincimiz, kədərimiz birdir” kəlmələri hər iki xalqın dilinin əzbəridir və bu sözdə deyil əməldə, fəaliyyətdə də özünü aydın göstərir”.

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldıırm deyib.

Deputat bildirib ki, Türkiyə Prezidenti cənab Tayyib Ərdoğanın Azərbaycan xalqı üçün unudulmaz bir gün olan Milli Qurtuluş Günündə ölkəmizə səfəri tarixi bir hadisədir. Qardaş ölkənin rəhbərinin işqğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşaya getməsi, orada Azərbaycan - Türkiyə münasibətlərinə böyük töhvə verəcək sənədlərin imzalanması bu səfərin əhəmiyyətini artırmaqla, dostluğumuzun yenilməzliyinə, əbədi olmasına bir sübutdur. Bu, 44 günlük müharibədə olduğu kimi, imzalanmış sənədlərdə də özünün aydın ifadəsini tapır. İyunun 16-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Parlamentində tarixi çıxış etdi. Cənab Ərdoğan özünün parlaq nitqində Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfərinin önəmi, bu zəfərdən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanlarından bəhs etdi, eləcə də Ermənistanı öz qonşuları ilə normal əməkdaşlıq etməyə çağırdı.

Millət vəkilinin sözlərinə görə, qardaş dövlətin başçısı Qarabağ Zəfərinin müstəna rolunu və Türkiyənin verdiyi mənəvi-siyasi dəstəyi xüsusi vurğulayıb. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu. Bütün tarixi dövrlərdə bir-birinin yanında olan Azərbaycan və Türkiyə müqəddəs Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirdi, Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı.

Cənab Ərdoğan çıxışında dünyaya da çağırış edərək vurğuladı ki, beynəlxalq ictimaiyyət həqiqətləri bilməlidir. Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyənlər gəlib Qarabağda iki dönəm arasındakı fərqə baxmalıdır.

Millət vəkilinin sözlərinə görə, Türkiyə - Azərbaycan arasındakı çoxsahəli əlaqələr, strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr göstərir ki, dövlətlərimizin strateji əməkdaşlığı regionun təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir və mühüm önəm daşıyır. Müttəfiqlik münasibətləri haqqında Şuşada imzalanmış tarixi sənəd hər iki dövlətin bundan sonra da çiyin - çiyinə olacağına, ölkələrimizin təhlükəsizliyi üçün birgə mübarizə aparılacağına zəmanət olmaqla bərabər, regionda sülhün - əminamanlığın bərqərar edilməsinə göstərilən inamlı təşəbbüsdür. Türkiyə Prezidenti dəfələrlə xatırladıb ki, Azərbaycan yalnız deyil, Türkiyə bundan sonra da Azərbaycanın yanındadır. Bu dünyaya önəmli bir mesaj idi.