ÜST: Heç bir COVID-19 peyvəndi uşaqlarda istifadə üçün təsdiqlənməyib

21 İyun 2021 22:59 (UTC+04:00)

""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".

Aznews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) Azərbaycan nümayəndəliyindən APA-ya məlumat verilib.

Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:

"İndiyə qədər ÜST-ün fövqəladə hallarda istifadə siyahısına daxil olan heç bir COVID-19 peyvəndi uşaqların istifadəsi üçün təsdiqlənməyib. Təsdiq olunarsa, yanaşı xəstəliklər nəzərə alınmaqla, uşaqların peyvənd olunması üçün aydın bir yol xəritəsi veriləcək. Hazırda yanaşı xəstəlikləri olmayan uşaqların peyvənd olunmasından öncə, peyvəndlərin dünyada ədalətli şəkildə paylanmasına diqqət yetirilməlidir", deyə ÜST-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında “Sinovac Biotech” şirkətinin “CoronaVac” vaksinin istifadəsinə icazə verilib. Şirkətdən bildirilib ki, “CoronaVac” peyvəndinin 3-17 yaş qrupunda kliniki sınaqların araşdırmaları həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, “CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb.