Tələbləri pozan şadlıq sarayları bağlana bilər

22 İyun 2021 10:52 (UTC+04:00)

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

AzNews.az xəbər verir ki, bu barədə “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də edilən dəyişiklikdə deyilir.

Bundan başqa, toylarda bu qaydaların pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, Azərbaycanda toylara iyulun 1-dən etibarən müəyyən şərtlərlə icazə veriləcək.