Tanışını öldürmək istəyənlər həbs edildi

23 İyun 2021 11:46 (UTC+04:00)

İyunun 18-i Kürdəmir rayonunda iki nəfər birləşərək tanışları Yaşar Baxşıyevə bir neçə bıçaq zərbəsi yetirərək öldürməyə cəhd ediblər.

Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəyal Heydərov və Tural Cəbrayıllı qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.