Mərkəzi Bank bu xidmət üzrə güzəşt müddətini artırdı

24 İyun 2021 16:08 (UTC+04:00)

Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından istifadəyə stimullaşdırılmasının davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən xidmət haqqı tarifləri üzrə güzəşt müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılmasına qərar verilib.

AzNews.az xəbər verir ki, hazırda 20 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilib.

İlkin mərhələdə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınıb.