Çin növbəti dəfə dünyanı fəlakətə sürükləyir? - Təhlükə gizlədilir, qonşu ölkələr təşviş içindədir

24 İyun 2021 17:13 (UTC+04:00)

"Çinin atom enerjisinin inkişafıyla bağlı böyük planları var. Pekin 2033-cü ilə qədər 110-dan artıq atom elektrik stansiyası tikməyi planlaşdırır. Yeni atom elektrik stansiyalarının inşası üçün 786 milyard dollar büdcə ayrılıb”.

AzNews.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, hazırda Qərb mediasında Çin atom elektrik stansiyalarından birində sızıntı və radioloji təhlükənin yaranması xəbəri yayılıb və eyni xəbər Yaponiya mətbuatında da dərc olunub:

"Çin Xarici İşlər Nazirliyininsözçüsü atom elektrik stansiyası ətrafında radiasiya səviyyəsində heç bir anormallıq olmadığını və təhlükəsizliyin təmin edildiyini desə də, bu açıqlama Qərbi və Çinə qonşu ölkələri sakitləşdirmədi. Çünki virusla bağlı da Pekinin siyasəti oxşar olmuşdu. Çin virusla bağlı vəziyyəti ən azı bir ay gizlətdikdən sonra dünyaya bəyan etmək məcburiyyətində qaldı”.

E.Şahinoğlu bildirib ki, Çinin 2030-cu ilə qədər Rusiya, Fransa, Yaponiya və son olaraq da ABŞ-ı da geridə qoyaraq, atom enerjisi istehsalında birinci yerə yüksələcəyi proqnozlaşdırılır:

"Halbuki, Pekin yeni nüvə reaktoru layihələrini 2011-ci ildəki Fukuşima fəlakətindən sonra dondurduğunu açıqlamışdı. 2011-ci ildə Yaponiyada sunami nəticəsində Fukusima atom elektrik stansiyasında qəza baş verdi və radioktiv sızıntı qeydə alındı. Həmin hadisə o zaman Çini də qorxutdu. Çində bir qrup fəal ölkə ərazisində yeni atom elektrik stansiyaların tikintisi əleyhinə kampaniyaya başladılar. Ancaq Çin hökuməti dərhal bu kampaniyanın qarşısını aldı və bu mövzuda xəbərlərin yayılması qadağan edildi. Çində atom elektrik stansiyalarının vəziyyətindən Honkonq da narahatdır. Çünki Çindəki atom elektrik stansiyalarından birinin Honkonqdan aralıq məsafəsi cəmi 130 kilometrdir”.

Ekspert son olaraq qeyd edib ki, Hindistan da atom elektrik stansiyalarının təhlükəsizlik məsələlərinə əhəmiyyət verir.