“Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur”

25 İyun 2021 13:24 (UTC+04:00)

“Qanunvericilik təşəbbüsüylə çıxış edən subyekt hər hansı qanun layihəsinə dəyişikliklə bağlı əsaslandırmanı da təqdim etməlidir. Bizə qeyd formasında əsaslandırma təqdim olunub. Ancaq əsaslandırma ilə layihə arasında fərq var”.

AzNews.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərlə bağlı çıxış edərkən deyib. O qeyd edib ki, son vaxtlar cərimələrin, rüsumların artırıldığının şahidi oluruq: “Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur. Ancaq vətəndaş vergi ödəyir. Ona görə də layihədə hər şey aydın yazılmalıdır. Qeyddə göstərilən 6 ay müddəti nəzərə alınmalıdır”.

Qeyd edək ki, qanun layihəsində bildirilir ki, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.