Bu gün Azərbaycan Silahlı Qüvvələrinin qurulmasından 103 il ötür.
Ötən 103 il ərzində ordumuz heç zaman indiki qədər güclü və qururlu olmayıb.
Azərbaycan kişisi bir əsrdən çox zamanı əhatə edən tarixi dövrün səhnəsində özünü MÜZƏFFƏR ORDU kimi təsdiq edib.
"Qarabağ Azərbaycandır" nidası 44 günlük savaşda yazılan qəhrəmanlıq salnaməsinin hayqırtısı olub.
Azərbaycan oğulları "keçilməz" deyilən istehkamları keçib, "yarılmaz" deyilən müdafiə xəttlərini darmadığın edib, "alınmaz" deyilən hərbi qalaları dünya hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatlarla azad edib.
Bu müqəddəs savaş, əsasən, prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənc nəslin vətən yanğısı ilə qazanıldı.
Bu müqəddəs savaş, əsasən, prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşan zabit və general korpusunun rəşadəti ilə qələbə ilə sonuclandı.
Bu müqəddəs savaş, əsasən, prezident İlham Əliyevin hakimiyyəti dövründə qurulan ordunun, alınan müasir hərbi texnika və sursatın sayəsində Ermənistanın təslimçilik aktına imza atması ilə nəticələndi.
Ordu və xalq birliyi millətimizi tarixin xəcalətindən, töhmətindən, tənəsindən qurtardı.
Şuşada bayrağımızı dalğalandıran müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin misilsiz və qüsursuz hərbi taktika və strategiyası, möhtəşəm sərkərdəlik dühası ilə sözün əsl mənasında ZƏFƏR YÜRÜŞÜ gerçəkləşdirdi.
O yürüşdə şəhid olan soydaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Vətən savaşının ölümdən dönmüş yüz minlərlə iştirakçısına can sağlığı diləyirəm.
Zabit kimi iştirakçısı olduğum 44 günlük savaşda şəxsən müşahidə etmişdim ki, hər taburda, bölükdə, tağımda, manqada gözəgörünməz bir ordu mənsubu vardı.
Generalın general, zabitin zabit, əsgərin əsgər yoldaşı idi.
O, məhz İlham Əliyev idi!
Bir əli ilə bircə-bircə azad edilən torpaqlarımızda dalğalanan müqəddəs bayrağımızı tutmuş, bir əlini hər bir əsgərin, zabitin, generalın çiyninə qoymuşdu sanki.
Bu inamın, güvənin, ən çətin döyüş tapşırıqlarını bir növ asanlaşdıran liderə emosional bağlılığın rasional izahı yox idi əksər hallarda, xalqın təhtəlşüuru ilə Ali Baş Komandanın hədəfləri arasındakı körpünün o biri başında Şuşa vardı.
Təşəkkürlər, cənab Ali Baş Komandan!
44 günlük savaşda Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə torpaqlarımızı düşmən işğalından azad etdi, bizi susadığımız qələbə ilə qovuşdurdu.
Fəqət İlham Əliyev təkcə cəng meydanında düşmənə qan uddurmadı, bir neçə cəbhədə savaşdı.
YENİLMƏZ BİR ORDUYA ÇEVRİLMİŞ XALQIMIZ bütün cəbhələrdə məhz İlham Əliyevin liderliyi ilə qələbəni haqq edən bir topluma çevrilmişdi.
Odur ki, bu savaşda təkcə ön cəbhədə savaşanlar qəhrəman deyil.
Ön cəbhədəki hərbi qulluqçular sayaq narahat və yuxusuz gecələr keçirən dövlət yetkililəri də, əsgərimizə qazan-qazan yeməklər bişirən analarımız, bacılarımız, dəyişək, siqaret, batareya, şirniyyat göndərən iş adamlarımız, sosial şəbəkələrdə erməni propoqandasını heç edən tələbələrimiz də qəhrəmandır.
Vətən savaşından döndükdən sonra həyat yoldaşım və övladlarım mənə daha bir qəhrəman haqqında danışdılar.
Fülya Öztürk barədə!
Qardaş Türkiyədə fəaliyyət göstərən CNN TÜRK kanalının əməkdaşı olan bu qızcığaz haqqında bizim uşaqlar elə fəxrlə, elə sevgi ilə danışırdılar ki, sanki uzun zamandır ailəmizin bir fərdi olmuşdu.
Maraqlandım və məlum oldu ki, 44 günlük savaşda Fülya Azərbaycanın yanında deyil, BAĞRINDA olub.
Millətimizin qəlbini də məhz bununla qazanıb.
Savaş bitib, mübarizə isə davam edir.
Bu mübarizənin əsas komponentlərindən biri də 44 günlük savaş müddətində Ermənistanın hərbi cinayətlərini ifşa etmək, bu cinayətlərlə bağlı beynəlxalq ictimai rəy formalaşdırmaq, məsələni hüquqi müstəviyə daşımaqdır.
Dövlətimiz bu istiqamətdə sistemli iş aparır, əlindən gələni edir.
Görülən yaxşı işlərdən biri də CNN Türk brendi və Fülya Öztürkün savaş günlərində bütün dünyaya yayılmış namını rasional şəkildə dəyərləndirərək döyüş bölgəsindən kənardakı şəhərlərimizin, mülki obyektlərin və sadə vətəndaşlarımızın qadağan olunmuş raketlərlə bombalanmasını sənədli filmə çevirmək, dünyaya seyr etdirməkdir.
Dərindən baxanda, bu film nə CNN Türkə, nə də Fülyaya lazımdır, bizə, dövlətimizə, xalqımıza gərəkdir.
Zira, bu film barədə məlumatlar mediaya sızar-sızmaz Fülya Öztürkün əleyhinə bir qaralama kampaniyasına start verildi Azərbaycanda.
İlk gündən dedim:
Bu çirkin kampaniya məqsədlidir, koordinasiya olunur, hədəf isə nə Fülya Öztürkdür, nə də sənədli filmin sifarişçisi olan Mədəniyyət Nazirliyi.
Fikir verin, 44 günlük savaşda Azərbaycan prezidenti İlham Əliyev Türkiyə kanallarında özünü ev sahibi kimi hiss edərək dünyaya səsləndi.
44 günlük savaşda Türkiyənin bütün kütləvi informasiya vasitələri Azərbaycanın savaşını öz müqəddəs davası saydı.
Qarabağ savaşında heç bir Türkiyə prezidentinin Azərbaycana vermədiyi qədər böyük dəstək nümayiş etdirən Rəcəb Tayyib Ərdoğan Qarabağa səfər etdi, tarixi “Şuşa Bəyannaməsi” imzalandı və elə həmin ərəfədə Fülya Öztürk sosial şəbəkələrdə hədəf alındı.
Prezident Əliyevə, cümhurbaşqanı Ərdoğana, Azərbaycana, Türkiyəyə, tarixi zəfərimizə, “Şuşa Bəyannaməsi”nə, birbaşa və açıq şəkildə qarşı çıxa bilməyənlər dostluq, qardaşlıq bağlarımızı Fülya Öztürkə hücum çəkməklə sarsıtmağa, toplumlar arasında nifaq salmağa çalışdılar.
İllərin təcrübəsi deyir ki, Azərbaycan cəmiyyətində belə bir kampaniyanı para xərcləmədən, müxtəlif personaları ələ almadan, çoxşaxəli “qara PR” komninasiyaları qurmadan gerçəkləşdirmək mümkün deyil.
Cəmiyyətimiz, media sektorumuz müdrik tərpəndi, Fülyanı daha bir dəfə öz balası, doğması kimi qucaqladı, kampaniyanın təşkilatçılarını məyus etdik.
Ancaq bu, sadəcə, Fülya məsələsi deyil axı…
İndi o qara qüvvələri aşkarlamaq, Azərbaycanın milli və strateji maraqlarının qarşısına hansı daxili və xarici dairələrin sifarişi ilə çıxdıqlarını sorğulamaq zamanıdır.
Məsələni Azərbaycan mediasının nümayəndələrinin guya əl-qolunun bağlanması, Fülya Öztürkün xəbərçilik uğurlarını guya bizim media mənsublarının qısqanması ilə izah etmək məhz pərdəarxasındakı sifarişçilərdən diqqət yayındırmaq üçündür.
Məsələni məhz bu şəkildə gündəmə gətirənlər də bu çirkin kampaniyanın iştirakçılarıdırlar.
Ortada açıq bir təzyiq və xəyanət, bu təzyiqin və xəyanətin arxasında isə müəmmalı qrup var.
Azərbaycan dövlətinə, prezidentinə, 44 günlük savaşda və ondan sonra yürüdülmüş sərrast informasiya siyasətinə hücum çəkməkdir bu işin mahiyyəti.
Azərbaycanın milli imzalarının, savaş günlərində qələmini həm ön cəbhədə, həm də arxa cəbhədə süngüyə çevirmiş media mənsbularının etibarsızlaşdırılması ilə üst-üstə düşür bu kampaniya.
Azərbaycanın müzəffər ordusunun Ali Baş Komandanına, generallarına, zabitlərinə, əsgərlərinə qarşı aparılan mənəvi terrorun bir halqasıdır, qazilərimizə “sizi qiymətləndirmirlər” deyərək savaşdan dönmüş passionar təbəqəni dövlətlə, hakimiyyətlə üz-üzə qoymaq istəyənlərin daha bir fitnəsidir.
Kimdir bu əməlin törədiciləri?
Kimdən alırlar bu cürəti?
Kimlərdir Azərbaycanı hər fürsətdə sancmaq istəyən ilanlara ağu verən?
Müvafiq dövlət qurumları bunu mütləq araşdırmalı, pərdəarxasındakı “ideoloqlar”ı və “mesenat”ları üzə çıxarmalıdır.
Çünki bir daha deyirəm, bu “pulya”lar Fülyaya deyil, birbaşa milli maraqlarımıza, həmrəyliyimizə, Türkiyə ilə tarixi və sınaqdan çıxmış müttəfiqliyimizə atılıb.
Bu gün Azərbaycan mediasının bir qismini Fülya Öztürkün ismini qabardaraq milli maraqlarımıza qarşı səfərbər edənlər sabah daha kritik situasiyalarda hansı hoqqalardan çıxmazlar?
Əminəm ki, dövlətimiz hər şeyin fərqindədir. Ancaq artıq fərqində olmamalı, hərəkətə keçməlidir!
Taleh ŞAHSUVARLI