Polis jurnalistin ailəsinə hücum edənləri niyə tapmayıb?

20 İyun 2013 09:58 (UTC+04:00)
Polis Şöbəsinin 10 günə araşdıra bilmədiyini DİN sözcüsü bir saata necə müəyyənləşdirdi?

Əməkdaşımız Bahar Rüstəmlinin Zərdab rayonunda baş verən bir hadisə barədə yazdığı araşdırmaya görə rayonun Alıcanlı kənd sakinlərinin onun ata evinə basqın etməsi ilə bağlı araşdırma davam edir.

Bu barədə AzNews.az-a Zərdab rayon Polis Şöbəsindən məlumat verilib. Şöbədən bildiriblər ki, B.Rüstəmlinin valideynlərinin yaşadığı evə basqın edilməsi ilə bağlı əraziyə baxan sahə müvəkkilinin araşdırması davam edir və bu araşdırma yekunlaşan kimi, şikayətçi jurnalistin atasına tam təfərrüatı ilə məlumat veriləcək.

Qeyd edək ki, Zərdab rayonunun Alıcanlı kəndinin bir qrup sakini əməkdaşımız Bahar Rüstəmlinin valideynlərinin Alıbəyli kəndindəki evlərinə basqın etmişdilər. Jurnalistin ata evinə hücum edən 30-dan çox öyrədilmiş şəxs onun atasının üstünə bıçaq çəkmiş, onu ölümlə hədələmişdilər. Bu basqına səbəb isə B.Rüstəmlinin iyunun 13-də saytımızda yayımlanan "Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir" başlıqlı yazısı olmuşdu. Hücumçular bu hücumla əməkdaşımızdan yazdığı yazının qisasını almaq istədiklərini demişdilər.

Onu da bildirək ki, hadisə baş verən gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti cəmi 1 saat içində guya məsələ ilə bağlı araşdırma aparmış və mətbuata dolğun olmayan açıqlama vermişdi. Hadisə baş verəndən və əməkdaşımızın nazirliyi bu barədə xəbərdar etməsindən az bir müddət sonra qurumun sözçüsü Orxan Mansurzadə bir növ jurnalistin evinə hücum edən basqınçıları müdafiə edərək demişdi ki, guya B.Rüstəmlinin yazısında həqiqətə uyğun olmayan və əxlaqa zidd hərəkətlərdən bəhs edilib. O, hadisəni guya dərhal araşdırmış və məlum olmuşdu ki, məsələ heç də yazıldığı kimi deyil. O.Mansurzadə Bahar Rüstəmlinin yazdığı məqalənin təxribat xarakterli olduğunu və rayonda qarışıqlıq, sakinlər arasında çaşqınlıq yaratmağa xidmət etdiyini deyərək, jurnalistin atasının üstünə bıçaq çəkib, onu ölümlə təhdid edən şəxslərə bir növ bəraət qazandırmışdı: "O ki qaldı jurnalistin evinə hücum olması ilə bağlı məlumatlara, qızın barəsində yazığı məqalə Alıcanlı kənd sakinlərinin etirazına səbəb olub və onlar da etirazlarını bildirmək üçün Bahar Rüstəmlinin atasının evinə gəliblər".

Burada ortaya çıxan ən maraqlı məqam isə başqadır. Eyni quruma daxil olan iki şəxsin açıqlamasının bir-birini təkzib etməsi müəmmalıdır. Biz də AzNews.az olaraq sual edirik: Necə olur ki, DİN mətbuat xidməti jurnalistin ata evinə hücumla bağlı cəmi 1-2 ərzində araşdırma aparıb, mətbuata "dolğun" informasiya verdiyi halda rayon polis şöbəsi bir həftə ərzində öz araşdırmasını yekunlaşdıra bilmir? Və ya bu başqa cür soruşaq: Rayon polis şöbəsinin bir həftəyə araşdıra bilmədiyi faktı DİN mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə cəmi 1-2 saat ərzində necə araşdırıb, özü üçün dəqiq informasiyalar toplamışdı? Yalan danışan kimdir? Bu suala isə Nazirlik daxilində cavab tapılması daha məqsədəuyğundur.

AzNews.az