Milli Məclis elm haqqında qanuna baxmağı təxirə saldı

20 İyun 2013 10:36 (UTC+04:00)
Azərbaycanda yeni hazırlanmış "Elm haqqında" qanun layihəsi və burada nəzərdə tutulacaq bəzi müddəalardan irəli gələrək "Hərbi xidmətkeçmə haqqında" qanuna dəyişikliklərin Milli Məclisin növbədənkənar sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulsa da, gözlənilmədən təxirə salınıb.

Parlamentdən verilən məlumata görə, yeni qanun tam olaraq hazırlansa da, müzakirəsi qeyri-müəyyən vaxta təxirə düşüb, hətta payız sessiyasında müzakirəsi də dəqiq məlum deyil. Səbəb qanunda yer alan bəzi təkliflər ətrafında müəyyən fikir ayrılığının olmasıdır.

Yeni qanun bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsini və magistrlərə güzəştli hərbi xidmətin tətbiq olunmasını də ehtiva edir. Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.

Bundan başqa, qanunda elm sahəsi üzrə verilən qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapıb. Elm sahəsində əmək haqqının artırılması, gənc kadrların elmə cəlbi, elmi tədqiqatların aparılması və nəticələrin tətbiqi, Azərbaycan elminin ölkə hüdudlarından kənarda təbliği və digər maraqlı məsələlər də yeni qanunda göstərilir.

Qeyd edək ki, son zamanlar Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və komissiyanın üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da mətbuata açıqlamalarında qanunun artıq tam olaraq müzakirəyə hazır olduğunu və bu sessiya ərzində müzakirəyə çıxarılacağını bildirmişdilər.//apa//

AzNews.az