“Xaşxaş-2021”: DİN-in irimiqyaslı əməliyyatı kimləri narahat edir?

30 İyun 2021 20:45 (UTC+04:00)

Artıq xeyli vaxtdır ki, respublikamızın Daxili İşlər Nazirliyi (DİN) “Xaşxaş-2021” şərti adı altında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirir. Demək olar ki, hər gün DİN tərəfindən keçirilən əməliyyatlar nəticəsində Azərbaycanın ən müxtəlif bölgələrində becərilən və satışa çıxarılan narkotik vasitələrin məhv edilməsi, bilavasitə və “on layn” şəkildə narkotik maddələrin satışı ilə məşğul olan şəxslərin saxlanılması, müxtəlif cinayətkar dəstələrin ölkəyə idxal etdiyi bu növ “məhsul”ların ələ keçirilməsi ilə bağlı məlumatlar yayır. Əvvəlki aylarla müqayisədə bu qəbildən olan məlumatların DİN tərəfindən daha intensiv şəkildə yayılması da diqqətdən qaçmır.

Təəccüblü deyil və bir neçə mühüm səbəb var.

Əvvəla, uzun zamandır işğal altında olan torpaqlarımız düşmən tərəfindən həm də narkotik plantasiyalar kimi istifadə olunub. DİN-in yaydığı gündəlik açıqlamalarda işğaldan azad edilən ərazilərmizdə narkotik bitkilərin aşkarlanması və məhv edilməsi ilə bağlı məlumatlar artıq heç də ara-sıra səslənmir. Bu, polis orqanları tərəfindən ələ keçirilən narkotik vasitələrin kütləsini, heç şübəhsiz ki, artırır və “artım” statistikada da əks olunur. Məsələnin mahiyyətini bir qıraqda qoymaq istəyənlər isə dərhal sual edir: “əgər polis narkotiklərə qarşı uğurlu mübarizə aparıbsa, o zaman aşkarlanan miqdarın çoxalması nə ilə bağlıdır?” Hərçənd həmin narkotik vasitələrin əsas qaynağı işğaldan azad edilmiş torpaqlarımızdakı ermənilərdən qalma plantasiyalar olmasaydı belə, yenə Daxili İşlər Nazirliyi ittihamların ünvanı olmalı deyildi. O sadə səbəb görə ki, hər bir qurum kimi, polis təşkilatı da öz fəaliyyətini təkmilləşdirir, müasir avadanlıqlar və metodlarla cinayətkarlığa qarşı mübarizəni ildən-ilə gücləndirir. Əgər ötən illə müqayisədə Azərbaycan polisi daha çox həcmdə narkotik aşkarlayıb və zərərsizləşdiribsə, deməli, bu istiqamətdə mübarizə daha da intensivləşib və təkmilləşib.

Digər tərfdən, heç kimə sirr deyil ki, Azərbaycan öz torpaqlarını işğal etməzdən öncə İran-Dağlıq Qarabağ- Ermənistan tranziti narkotik vasitələrin daşınmasında əsas xəttlərdən biri idi. İndi Azərbaycan İranla Qarabağ üzrə sərhədlərini tam nəzarətə alıb, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin həm ayrı-ayrılıqda, həm də birgə səyləri ilə həmin sərhəd məntəqələri də daxil olmaqla İrandan ölkəmizə narkotik keçirmək istəyən mütəşəkkil dəstələrə qarşı ciddi tədbirlər görülür. Bu tədbirlər həmin mütəşəkkil dəstələrin ölkə daxilində və xaricində olan uzantılarını qıcıqlandırır. 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı tarixi zəfərdən sonra Dağlıq Qarabağ tranziti üzrə narkotik ixracından məhrum olmuş mütəşəkkil dəstələr itirdiklərini milyonların “heyf”ini Azərbaycanın hüquq-mühafizə orqanlarına, o cümlədən “ölkə daxilindəki bazar”da onlara qarşı profesional və sərt mübarizə aparan Azərbaycan polisinə kin püskürməklə çıxmaq istəyirlər. Narko-tacirlər öz bazarını genişləndirmək üçün daima avtoritet boşluğu axtarırlar və güclə, peşəkarlıqla, qanunlarla üzləşəndə o avtoriteti ləkələməyə çalışırlar.

Nəhayət, Azərbaycan hüquq-mühafizə orqanlarını, xüsusi ilə də güc nazirliklərini daim qaralamaq, nüfuzdan salmaq istəyən daxili və xarici qruplar mövcuddur. 44 günlük Vətən savaşından “Tərtər işi”nin zərərçəkənlərinin hüquqlarının müdafiəsi adı altında xüsusi komitələr yaradılması, bu mövzuda Avropa Şurası Parlament Assambleyasına qədər uzan kampaniyanın təşkil edilməsi, son zamanlar DTX-nın cəmiyyətdə möhkəmlənməkdə olan nüfuzunu sindirə bilməyənlərin aktivləşməsi fonunda DİN-ə qarşı ittihamlar təsadüfi görsənmir. Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov son dərəcə peşəkar və qətiyyətli fiqur kimi tanınır və onun rəhbərliyi dövründə Azərbaycanın polis sistemində gerçəkdən çox müsbət işlər görülüb, o cümlədən kadr islahatları aparılıb. Azərbaycan polisinin həm işinin, həm də imicinin keyfiyyətcə dəyişməsi müxtəlif beynəlxalq hesabatlarda ölkəmizin qaralanmasına çalışan bir çox “ictimai xadimləri”, heç şübhəsiz ki, arqumentsiz qoyur. Bu arqument bazasını yaratmaq üçün KİV-də əssasız şayiələr tirajlanır və sonra həmin şayiələr KİV-də yayıldığı üçün “fakt kimi” müxtəlif beynəlxalq dairələrə təqdim olunur.

Çox təəssüf ki, “ictimai xadim” statusu ilə faktiki olaraq möhtəkirlik edən bu cür siyasi dəllaların sırasına sosial şəbəkələrin yaratdığı sərbəst ortamdan şəxsi maraqları və intriqaları üçün istifadə etməyə çalışanlar da qoşulmaqdadır. Bu sür sosial şəbəkə reketləri “baxın, mən dövlətin güc strukturlarını hədəfə alıram, amma kimsə mənə bir söz deyə bilmir, deməli, çox güclüyəm” rəyini yaratmaqla öz şəxsi sərvətlərini artırmaq məqsədi ilə ayrı-ayrı məmurları şantaj etməyə zəmin hazırlayırlar. Belələrinə isə daima süni gündəm lazım olur.

Budur, qardaş Türkiyə mediasında mütəşəkkil cinayətkar dəstənin lideri kimi təqdim olunan Sedat Peker isimli şəxs öz ölkəsinin Daxili işlər nazirliyinə qarşı bir sıra ittihamlar irəli sürür, narko-ticarətlə bağlı iddialar səsləndirir. Bundan dərhal sonra 'tutuquşular" peyda olur, bir növ onu yamsılamağa başlayır, Azərbaycandakı narkotik dövriyyəsi Kolumbiya ilə müqayisə edilir, hətta xəstə fantaziyalar dövlətin müvafiq qurumlarının narko-ticarət çətələrinin əlində aciz qaldığını söyləməyə yetəcək qədər genişlənir. Bütün bunlar isə nə narkotik vasitələrə qarşı nə ictimai məlumatlandırma və maarifləndirmə səciyyəsi daşıyır, nə də dövlət qurumlarına bu işdə vətəndaş dəstəyi qazandırmağa. Məqsəd, ictimai asayiş qoruyucularına qarşı etimadsızlıq formalaşdırmaq, kriminala meyilli fərdləri arxayınlaşdırmaq, dövlətin avtoritetinə qarşı cürətləndirmək, son nəticədə ölkədəki sabitliyi şübhə altına almaqdır.

Sosial İnformasiya Agentliyi