FHN: “Ötən gün 76 yanğına çıxış olub"

1 İyul 2021 12:55 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış, bir nəqliyyat qəzası və 13 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 17 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas edilib. Həmçinin, Tovuz rayonunda avtoqəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən 1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.