Baş Dövlət Yol Polisi İdarəsinin yeni inzibati binası istifadəyə verilib - FOTO

2 İyul 2021 17:29 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binaları istifadəyə verilib.

Bu barədə AzNews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Hər iki tədbirdə belə müasir tikililərin ümumən vətəndaşlara, eyni zamanda daxili işlər orqanlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu məmnunluqla qeyd edilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən vətəndaşların məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və onlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə inşa edilən yeni inzibati bina zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunub. Geniş dəhlizlərə və otaqlara malik iki mərtəbəli bu binada sənədlərin qəbulu və verilməsinin operativ qaydada təşkili üçün lazımi şərait yaradılıb.

Abşeron RPİ-nin Saray Polis Bölməsinin yeni istifadəyə verilən iki mərtəbəli inzibati binası da bura müraciət edəcək vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilib.

Yeni inzibati binada xidmət edəcək polis əməkdaşları da Saray qəsəbəsində sabitliyin, sakinlərin əmin-amanlığının qorunmasına, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmininə, vətəndaşların təhlükəsizliyinin, əmlaklarının cinayətkar qəsdlərdən qorunmasına öz töhfələrini verəcəklər.