Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müstəqillik qazandıqdan bəri bənzəri olmayan bir proses başa çatdı.
Məhkəmə açıq keçirilirdi. İctimaiyyət və media nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları iclası izəmək imkanına malikdir idilər.
Azərbaycan hakiminin qarşısında erməni ordusunun torpaqlarımıza təcavüz edən mənsubları dayanmışdı.
Heç kimə sirr deyil ki, ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən ikinci Qarabağ savaşı Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı.
10 noyabr 2020-ci ildə işğalçı ordusu darmadağın edilmiş Ermənistan Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qarşısında diz çökdü, kapitulyasiya aktı imzaladı.
Bu akta əsasən atəşkəs elan olundu, Ermənistan öz üzərinə bir çox öhdəliklər götürdü. Qarabağa yerləşən Rusiya sülhməramlıları bölgədə hərbi əməliyyatların aparılmamasına, post-münaqişə dövründə regionda yeni səhifələr açılmasına təminatçı oldular.
Təxminən bir ay sonra, lap dəqiqi dekabrın 13-də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti gizli və müəmmalı yollarla Azərbaycan sərhədlərini qanunsuz keçərək Hadrut qəsəbəsi yaxınlığındakı meşələrdə gizlənən, hərbi qulluqçularımıza və mülki vətəndaşlarımıza qarşı terror törətmək istəyən bir çətə aşkarladı və qandalladı.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ermənilərin “əsir” kimi təqdim etdiyi bu qrup üzvlərini istintaqa çəkdi.
İstintaq müəyyən etmişdi ki:
- Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.
- Həmin birləşmələrin üzvləri bildir noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar.
- 2020-ci il dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Bu faktlarla bağlı qanunsuz silahlı birləşmənin 14 üzvü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olundu.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslarda irəli sürülən ittihamlar bir-bir təsdiq olundu, bircə-bircə sübuta yetirildi.
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı da başa çatdı.
İclasda prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib.
Məhkəmə müşavirəyə gedib və müşavirədən sonra hakim çıxardığı hökmü elan edib.
Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.
Mənim şəxsi fikrim odur ki, məhkəmədə torpaqlarımızda terror törətmək istəyın erməni çətəsi üzvlərinə Azərbaycan dövləti çox böyük humanizm göstərib.
Bu humanizm həm də Ermənistana verilən mesajdır, əlbəttə.
Azərbaycan cəng meydanında belini qırdığı Ermənistana şans verir ki, məkrli planlarından əl çəksin, xam xəyallara düşməsin, Qafqazın yeni şərtlərlə yenidən qurulması üçün fitnələrindən əl çəksin.
Zira, sözügedən məhkəmə prosesi həm bizə, həm də bütün dünyaya bir çox həqiqətləri yenidən ifadə etmiş oldu.

İlk növbədə bir daha gün üzünə çıxdı ki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror siyasətindən əl çəkməyib. Bu kontekstdə məhkəməyə çıxarılan erməni çətə üzvlərinə sadəcə təqsirləndirilən şəxs deyil, həm də ETİRAFÇI və ŞAHİDdirlər. Bu etiraflar və şahidlik əsasında Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün məhkəmədə prokuror çox düzgün olaraq vəsatət qaldırıb, məhkəmə həmin vəsatət əsasında xüsusi qərar çıxardaraq müvafiq instansiyaya göndərib. Habelə məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxslər barəsində beynəlxalq axtarış elan edilib.
Bütün bunlar Ermənistanın savaş cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrdə açacağımız davalarda əlimizi gücləndirəcək.
Bu məhkəmədəki ETİRAFLAR Ermənistan cəmiyyətindəki və ordusundakı real mənzərinin qiymətləndirilməsi üçün də çox vacib məqamlar üzə çıxardı.
Məhkəmədə məlum oldu ki, II Qarabağ savaşı başlayar-başlamaz Ermənisyanda dəfələrlə səfərbərlik edilməsinə baxmayaraq, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər. Qarabağa göndərilənlər çox ciddi təzyiqlərə, hədələrə məruz qalıb. Erməni ordusu Azərbaycan əsgərinin üstünə, əslində, döyüşmək istəməyən, amma həbs olunmamaq üçün naəlaclıqdan əlinə silah götürmüş gəncləri göndərib.
Maraqlıdır ki, Azərbaycanda hakim qarşısına çıxarılan erməni çətə üzvlərinin əksəriyyəti işsiz, yaxud dəfələrlə xarici ölkələrə çörək arxasınca getmiş şəxslərdir. Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşməsi və dəhlizlərin açılması Ermənistan hakimiyyətinə yeni iş yerləri açmaq, öz toplumunu səfalətdən qurtarmaq üçün fürsət yaradır. Sadə erməni öz güzəranın yaxşılaşdığını hiss etdikcə Qarabağ konfliktinə görə peşimançılıq çəkəcəklər.
Bu gün “erməni ideologiyası” ilə erməni toplumu və erməni reallığı arasında ciddi uçurumlar var. 44 günlük savaş bu uçurumu elə dərinləşdirib ki, Ermənistanın siyasi və mədəni elitası bu ideologiyanı yenidən nəzərdən keçirməkdən və ondan imtina etməkdən başqa yolu qalmayıb.
Hadruta “partizan”lığa göndərilmiş çətə üzvlərinin Azərbaycan hakiminin, Azərbaycan ədalətinin qarşısında özlərini “günahsız və qurban” hesab etmələri tsexokronozimin iflası idi.
Taleh ŞAHSUVARLI