“Proseslər Prezidentin diktə etdiyi yöndə gedir” - Deputat

5 İyul 2021 13:42 (UTC+04:00)

“Ermənistanda 15 diversantın qaytarılmasının bayram kimi qarşılanması təbiidir, çünki onların öz doğmalarıdır və onlar geri qaytarılıblar. Amma Ermənistanda, özəlliklə də siyasi çevrələrdə baş verən bu hadisəni dövlət xəyanəti kimi qiymətləndirənlər də var. Onlar deyirlər ki, Azərbaycan gec-tez həmən o diversantları qaytaracaqdı, amma dövlət sirri açılaraq minalanmış xəritələrin siyahıları Azərbaycana verildi və şərait yaradıldı ki, bununla Azərbaycan çox tez bir zamanda ora on minlərlə, yüz minlərlə adam köçürsün və ondan sonra hayların orada qalıb yaşamaq şansları get-gedə minimuma enəcək. Yəni, belə yanaşma da var.”

AzNews.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Millət vəkili vurğulayıb ki, əslində, bütün bu baş verən proseslər Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və diqtəsi müstəvisində baş verir.

“Azərbaycan bu addımı atmaqla, birincisi bizim vətəndaşlar üçün nə qədər təhlükəni aradan qaldırmış oldu. İndiyə kimi bu minalanmış ərazilərdə həlak olanlar və yaralananlar olmaqla 132 nəfər zərər çəkib. Yəni, onlardan çoxu da mülki insanlar olmaqla 29 nəfəri şəhid olub. Həmin o xəritələr verilməklə, minalanmış ərazilər üçün belə bir təhlükə aradan qaldırılmış olur.

İkincisi, xatırlayırsızsa, cənab Prezident işğaldan azad olunmuş torpaqlardakı quruculuq məsələləri ilə bağlı danışarkən həmişə vurğulayıb ki, bizim burada ən böyük rəqibimiz ancaq və ancaq zamandır. Biz bununla quruculuq prosesini tezləşdirməli oluruq. Bir növ, elə bilin ki, rəqib olan zaman üzərində qələbə çalırıq və söhbət bundan gedir.

Söhbət ondan gedir ki, bəzi islamafob çevrələr, haylardan geosiyasi alət kimi faydalananlar bu diversantları Azərbaycan üçün gec açılan minaya çevirmək istəyirdilər. Onlardan faydalanaraq daimi təzyiq siyasəti yeritməyə çalışırdılar. Onların o gec açılan mina gözündə gördüklərinin bir hissəsi təhvil verilərək, Azərbaycan minalanmış ərazilərin yenidən bir hissəsinin xəritəsini geri alır. Yəni, məsələnin bu tərəfi də var ki, bunu da diqqətdən qaçırmaq olmaz.

Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, bu minalanmış ərazilərin təmizlənməsi heç də asan başa gələn məsələ deyil. Buna nə qədər vəsait, nə qədər vaxt tələb olunur. Üstəlik, bir çox hallarda bu, hətta mütəxəssislərin özləri üçün belə təhlükəli olur. Minalanmış ərazilər təmizlənərkən mütəxəssislərin içərisindən də şəhid olanlarımız, yaralananlarımız oldu. Bunu da biz burada təbii ki, unutmalı deyilik. Məsələnin bir də bu tərəfi var.

Yəni, bütün bunları nəzərə alıb da, buna kimin necə yanaşmasından, kimin bunu bayram etməsindən, kimin burada öz döşünə döyməsindən asılı olmayaraq, bu dəyişdirilmə prosesinin doğrudan da birbaşa Azərbaycanın maraqlarına cavab verdiyini söyləməmək mümkün deyil. Orasını da unutmalı deyilik ki, bu, sadəcə Rusiyanın vasitəçiliyi ilə baş verən proses deyil. Rusiyadan da əvvəl məhz Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə belə bir dəyişdirmə prosesi getmişdir.

O məsələ də var ki, verilən 15 diversantdan 12 nəfəri üçün məhkəmədə 6 aylıq həbs cəzası kəsilmişdi. Yəni, onların Azərbaycanda saxlanıldıqları vaxtı da nəzərə alsaq, əslində, onlar demək olar ki, cəzalarını çəkib qurtarmış hesab olunurdular bir növ. Bütün bu prosesin özü belə göstərir ki, 10 noyabr tarixli üçtərəfli bəyənatdan sonra siyasi və diplomatik müstəvidə baş verən əksər proseslər müzəffər Ali Baş Komandanın diktə etdiyi yöndə gedir. Burada uğur faktorunun, qələbə faktorunun üzərində durmalı olsaq, bu, heç şübhəsiz ki, Azərbaycanın uğurudur, Azərbaycanın qələbəsidir və bir daha deyirəm ki, bütün bu proseslər Azərbaycanın diktəsi ilə, Azərbaycanın məhz arzuladığı yöndə gedir. Unutmalı deyilik ki, bəzi beynəlxalq qurumlar da, aparıcı güc mərkəzləri də indiyə kimi ancaq və ancaq bu diversantları hərbi əsir adlandıraraq onların təhvil verilməsini tələb edirdilər. Azərbaycanın minalanmış əraziləri ilə bağlı isə heç bir kəlmə də danışılmırdı. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe bu məsələdə də öz təsirini göstərdi. Artıq o qurumlarda əyləşənlər də, ayrı-ayrı dövlətlərin təmsilçiləri də minalanmış ərazilərin xəritəsinin verilməsi məsələsini də qaldırdılar və proses də görürsünüz ki, elə bu çərçivədə də gedir”, deyə Sahib Alıyev bildirib.