Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

6 İyul 2021 09:32 (UTC+04:00)

Dünya şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib.

Bu barədə AzNews.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, R.Munçayev Moskvada 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb.

R.Munçayev 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib.

Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin!