“Facebook” və “Twitter”də “nifrətə yox” kampaniyası

20 İyun 2013 16:23 (UTC+04:00)
Gənclər 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar qlobal onlayn kampaniyaya qoşulmağa çağırır.


AzNews.az-a daxil olan məlumatda deyilir ki, bu münasibətlə Avropa Şurası "No Hate Speech" ("Nifrət Nitqinə Yox") beynəlxalq kampaniyası çərçivəsində onlayn kampaniya təşkil edib. Kampaniyaya Azərbaycandan, "No Hate Speech" kampaniyasının Azərbaycan üzrə milli əlaqələndiricisi Azərbaycan Gənclər Təşkilatları Milli Şurası dəstək göstərir.

Gənclər Təşkilatları Milli Şurasından bildirilir ki, kampaniyanın əsas məqsədi qaçqın və məcburi köçkün qruplarına aid olan insanlara qarşı anlayışlı yanaşmanı təbliğ etmək, onların ictimai həyatdan təcrid edilməməyini və qərəzliliyə yol verilməməyini təmin etməkdir: "Bu gün Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olması 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu faktın dünya ictimaiyyətinin nəzərində olması onların hüquqlarının bərpa olunması üçün vacibdir. Azərbaycan gənclərinin qlobal onlayn kampaniyaya qoşulması məhz bu baxımdan vacibdir".

Qeyd edək ki, onlayn kampaniyada iştirak hər kəs üçün açıqdır. Hər bir gənc iyunun 20-də www.nohatespeechmovement.org portalına tarixində daxil olaraq, qaçqın və məcburi köçkünlərə dəstəyi, həmrəyliyi və onların gündəlik həyatını əks etdirən foto şəkillər və video çarxları paylaşa bilər.

Eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək də kampaniyaya qoşulmaq olar. Belə ki,

https://www.facebook.com/events/570871522964976/ "facebook" səhifəsinə daxil olaraq və "twitter" sosial şəbəkəsində #nohatespeech teqindən paylaşımlar edərək, kampaniyaya qoşula bilərsiniz.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2001-ci ildən bəri 20 iyun Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Günün əsas məqsədi qaçqın və məcburi köçkünlərə, onların problemlərinə dünya ictimaiyyətinin diqqətinin çəkilməsidir.

Ümumdünya Qaçqınlar Günü ilə bağlı onlayn kampaniya Avropa Şurasının gənclərlə bağlı prioritet təşəbbüslərindən biri olan "No Hate Speech" ("Nifrət Nitqinə Yox") kampaniyası çərçivəsində həyata keçirilir.
"No Hate Speech" – "Nifrət Nitqinə Yox" kampaniyası Avropa Şurasının 2014-cü ilə qədər gənclərə yönəlmiş prioritet təşəbbüsü ("flagman initiative") olaraq bərabərliyi, insan hüquqlarını və müxtəlifliyi müdafiə edir və dəstəkləyir.

Kampaniyanın məqsədi gəncləri və gənclər təşkilatlarını insan haqlarını müdafiə və təbliğ etmək üçün zəruri bacarıqlarla təmin etməklə irqçilik və ayrı-seçkilik məzmunlu nifrət nitqinin onlayn ifadəsinə qarşı mübarizə aparmaqdır.

AzNews.az