Sahə müvəkkili DİN sözcüsünü təkzib etdi

20 İyun 2013 16:44 (UTC+04:00)

Polisdən hücuma məruz qalan jurnalist ailəsi ilə bağlı ziddiyyətli açıqlama


Daxili İşlər Nazirliyi əməkdaşımız Bahar Rüstəmli Zərdabdakı ata evinə edilən hücumla bağlı açıqlama verib.

Bu barədə AzNews.az-ın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə bildirib ki, Zərdab rayon Polis Şöbəsinin əməliyyat qrupu iyunun 14-də Nazirliyin 102 xidmətinə jurnalist B.Rüstəmli tərəfindən daxil olan şikayət əsasında araşdırma başladıb: "Jurnalistin atası Şahalı Rüstəmov Zərdab PŞ-nə şikayət ərizəsi ilə müraciət edib. O, ərizəsində yazıb ki, rayonun Alıcanlı kəndinin bir qrup sakini onun həyətinə gələrək, onu təhqir ediblər. Rayon PŞ bu şikayətlə bağlı əməliyyat-istintaq qrupu yaradıb və baş verən hadisəni araşdırıb".

O.Mansurzadənin sözlərinə görə, araşdırma nəticəsində həm şikayətçi tərəf, həm də hadisənin hal şahidləri dindirilib və heç bir cinayət əməli aşkarlanmayıb: "Ş.Rüstəmov ərizəsində kənd sakinlərinin onu təhqir etdiklərini yazıb. Polis əməkdaşları da ona tövsiyə edib ki, əgər ortada hər hansı bir təhqir faktı varsa, bu barədə məhkəməyə müraciət edə bilər".

Nazirlik sözçüsü bildirib ki, araşdırmalar nəticəsində jurnalistin atasının ölümlə təhdid edilməsi, üstünə bıçaq çəkilməsi kimi faktlar aşkarlanmayıb.

Zərdab PŞ-nin bu işlə məşğul olan sahə müvəkkili Tumarxan Ağayev isə AzNews.az-a açıqlamasında fərqli şey deyib. O bildirib ki, şikayətlə bağlı hələ qarşı tərəf danışdırılmayıb. Yalnız şikayətçi Ş.Rüstəmovdan izahat alınıb. Sahə müvəkkili onu da deyib ki, qarşı tərəf - yəni, jurnalistin atasının evinə hücum edən şəxslər də onlardan polisə şikayət edib. Onlar jurnalistə böhtan atmaqda ittiham edirlər.

Qeyd edək ki, iyunun 13-də saytımızda yayımlanan "Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir" başlıqlı yazıya görə bir gün sonra – iyunun 14-də yazı müəllifi B.Rüstəmlinin Zərdabda ata evinə hücum təşkil edilmiş, onun atası ölümlə təhdid edilmiş, təhqirlərə məruz qalmışdı.

Anar
AzNews.az