Türkiyəli deputat Azərbaycan mediasına Taksim hadisələrindən danışdı - Müsahibə

20 İyun 2013 18:28 (UTC+04:00)
Lent.az-ın əməkdaşı Aysel Əlizadə Ankarada CHP sədrinin müavini, millət vəkili Gürsel Tekindən eksklüziv müsahibə götürüb. AzNews.az saytı həmin müsahibəni təqdim edir.

Gürsel Tekin 6 Yanvar, 1964-cü ildə Qarsda doğulub. Litseydə oxuyarkən Bülent Ecevitin başqanı olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) gənclər hərəkatına qoşulub. 1981 ci ildə Atatürk Universitetinin ədəbiyyat fakültəsini qazansa da, ali təhsil almadan, ailəsi ilə birlikdə İstanbula köçüb. Gürsel Tekin məşhur 12 sentyabr hadisəsindən sonra bir müddət siyasi fəaliyyətinə ara verir və yenidən 1984-cü ildə SDP də siyasətə qatılır. Gürsel bəy hazırda Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun birinci müavini kimi siyasi fəaliyyətini davam etdirir.

- Gürsel bəy, təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Yanılmıramsa, Azərbaycan mediasına ilk müsahibənizdir.


- Elədir, ilk dəfədir Azərbaycan mediasına müsahibə verirəm. Təəssüf ki, bu günə kimi heç Azərbaycanda da olmamışam. Sağ olun ki, belə bir təklif etdiniz.

- Bu günlərdə çox adamı düşündürən bir sualla başlayacam. Hakimiyyət "Gezi parkı" olayında niyə dərhal geri çəkilmədi?


- Taksimdəki bu olaylar, üç ağac, ya da ictimai qınaq məsələsi deyil. Əslində bu, Türkiyədə uzun zamandan bəri hökm sürən xarici və daxili siyasətdəki yanlışlara bir etirazdır. Xüsusən yeni nəslin, 15-25 yaş arası uşaqların bu hadisələrdə bu qədər yaxından iştirak etməsi şəxsi azadlıqlarına olan müdaxiləyə qarşı çıxmalarıdır. Mən sadəcə iqtidarın deyil, Türkiyədəki bütün siyasi partiyaların demokratiya məsələsini yenidən nəzərdən keçirmələrinə ehtiyac olduğuna inanıram. Həm də sadəcə ölkə içində deyil, bütün dünyada demokratiya məsələsi yenidən nəzərdən keçirilməlidir.

- Bu çox aydın bir cavab idi, ancaq almaq istədiyim cavab deyildi. İqtidar "Gəzi parkı" olayında niyə əvvəldən güzəştə getmədi, bunu necə izah edərdiniz?


- İqtidar qorxur. İlk etapda baş nazir bir az avtoritar davrandı. "Mən nə deyirəmsə o olmalıdır" mövqeyi sərgiləmək uğurlu bir sonuca aparıb çıxarmır. Adamlara 3-5 avara kimi baxdılar. Sonra bunun heç də 3-5 avara ilə bağlı olay olmadığını, milyonlarla insanın haqq-ədalət tələb etdiyini görüncə güzəşt etməyə məcbur qaldılar. Əvvəldən geri çəkilməmələrinə səbəb isə demokratik bir mədəniyyətə sahib olmamalarıdır. Qorxurlar ki, eyvah, geri çəkilsək sabah necə olacaq.

- "Sonrası nə olar?" anlamında?


- Bəli. Sonra nə olar?... Sonrası demokratiya olar, hörmətli baş nazir, azad, demokratik bir Türkiyə olar! Bunlar demokratiyaya, azadlığa çox qapalıdılar, etirazı insanlara təzyiq etməklə dayandırmaq istədilər. Yoxlamadan keçib bu tərz. Hörmətli baş nazirin bir çox dostları Orta Şərq coğrafiyasında bu üsulları sınadı, amma olmadı, haqqın rəhmətinə qovuşdular.

- Türkiyə hər şeydən öncə hansı problemini çözməlidir?


- Hüquq sistemini çözməli, beynəlxalq hüquqa əsaslanmalıdır. Baş nazir də hüquqa arxalanmalı, aksiyaçılar da məhz hüquqa güvənməlidirlər. Əks təqdirdə xaos, qarışıqlıq olar və getdikcə də bu xaos böyüyər.

- Gürsel bəy, bizim Cümhuriyyət qurucumuz Məmməd Əmin Rəsulzadənin məzarı Ankaradadır. Sizcə bu məzar öz ölkəsinə aparılmalıdır, yoxsa yox?


- Məncə, Məmməd Əmin Rəsulzadənin məzarı Türkiyədə qalmalıdır, çünki Türkiyə də onun öz ölkəsidir. Təəssüf ki, bizim son dönəmlərdəki xarici siyasətimizin, özəlliklə qardaş Azərbaycan və türk cümhuriyyətləri ilə münasibətlərimizin zaman-zaman axsadığını görürük. Bu siyasi gedişlərin də yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Orta Şərqdəki yanlış siyasət bizim Qafqaz siyasətimizə də təsir edib. Azərbaycan bizim üçün çox önəmlidir, Azərbaycanla Türkiyəni bir almanın yarısı kimi görürük.

- Sizcə, Türkiyə ilə Ermənistan sərhədləri açılmalıdır?


- Azərbaycanın razılığı olmadan, Azərbaycan Qarabağ problemini yaşadığı müddətdə Türkiyənin qapı açması doğru deyil.

- Qapı gerçəkdən bağlıdır?


- Hər halda rəsmi olaraq bağlıdır. Qeyri-rəsmi necədir, onu deyə bilmərəm.

- Siyasətin "rəsmi görüntü" olduğunu demək olarmı?


- Əlbəttə. Təkcə Türkiyədə yox, bütün dünyada belədir. Hələ ki, dünyada "şəffaf dövlət" anlayışı olmadığı üçün belədir. Hər dövlətin dərinlikləri var...

- İndiyə qədər Azərbaycana niyə gəlməmisiz?


- Dəvət etsəniz, gələrəm.

- Dəvət edirəm, gəlin.


- Tamam.

- Siyasətçi olmasaydınız kim olardınız?


- Biz siyasətlə on dörd-on beş yaşlarında tanış olduq. Siyasi fəaliyyətə siyasətin ən gur vaxtında , 1970-75 -ci illərdə, gənclik hərəkatı ilə başladıq, hələ də davam edirik. Sonra da bu peşəni sevdik. Siyasətdən əlavə, mən ticarətlə də məşğul oluram. Sadəcə siyasət deyil, neft işi ilə də məşğulam. Kim olardım?...Bilmirəm, bəlkə də vəkil olardım.

- Gecdir?


- Bu hüquq sistemi ilə Türkiyədə vəkil olmaq mənasızdır. Əvvəlcə gərək sistemi düzəldək.

- Sizin ailədə siyasətçi olubmu? Məsələn, atanızın siyasi görüşü sizə təsir edibmi?


- Ailəmizdə siyasət barədə çox danışmazdılar. Atam sağçı idi, biz solçuyuq (gülür)

- Sizcə, kürd-türk problemi həllini tapacaqmı?


- Bu, yerli layihə olsa, təbii ki, problem həllini tapardı. Ancaq biz hamımız bunun yerli layihə olmadığını bilirik. Nəticəsi necə olacaq? Doğrusu, çox ciddi tərəddüdlərimiz var. Şəxsən mən bu problemin hansı anda çözüləcəyini, prosesin hansı nöqtədə bitəcəyini hətta iqtidarın da bildiyini düşünmürəm.

- Mediasına, daha çox TV -lərə əsaslansaq, Türkiyə hər gün terror hadisəsi baş verən, uşaqların itdiyi, qadınların zorakılığa uğradığı, adamların qəfildən oğurlandığı , tez-tez ölkə gündəminin dəyişdiyi, xaosa çevrildiyi bir ölkə təsiri bağışlayır. Gerçəkdən də belədir?


- Son Suriya Türkiyə münasibətlərini də nəzərə alsaq, təəssüf ki, belədir. Beynəlxalq hesabatlara baxsaq, təəssüf ki, buna bənzər olaylar yaşandığını görürük. Suriyadan gələn minlərlə insanın Türkiyədə sərhəddə incidildiyini, bura gələn köçkün qadınların bazara çıxarıldığının, nəzarətsiz, əlverişsiz vəziyyətin yarandığının şahidi oluruq.

- Belə çıxır ki, iqtidar vəziyyətə nəzarət edə bilirmi?


- Edə bilər, ancaq deyəsən, etmək istəmir. Bir az əvvəl rəsmi və qeyri-rəsmi görüntü barədə soruşdunuz, vəziyyət bir az da elədir...

- Bütün bu olayların içində CHP hardadır?


- CHP olayların tam ortasındadır.

- Bəs Gürsel Tekin kimdir? Bir az da özünüzdən danışın, lütfən.


- Qarsda doğulmuşam. Öyünərək bunu söyləyə bilərəm ki, Qars Türkiyənin planlı tikilən yeganə şəhəridir. İndi hər şey pozulub, qarışıb, alt-üst olub. Qars çox zəngin, Türkiyəyə örnək ola biləcək bir şəhərdir. Fərqli dillərin, dinlərin, məsləklərin bir barış içində yaşaya biləcəyi bir şəhərdir. Azərbaycanla da qohumluq əlaqələrimiz var. Aramızda sadəcə bir divar var, çox yaxınıq. Uşaqlığım Qarsda keçib, 12 İyul hadisəsindən sonra İstanbula köç etmək məcburiyyətində qaldıq. İstanbulda ticarət, eyni zamanda siyasətlə yaşama davam etdik.

- Nə zaman ailə qurmusuz?


- 1990-cı ildə.

- Bu barədə bir az danışa bilərsiniz? Məsələn, necə tanış oldunuz...


- Çox çətin bir sualdır (gülürük). Eyni məhəllədə yaşayırdıq, tanış olduq, sonra da evləndik. Üç oğlumuz var. Qız uşağı çox istəmişik. Bir ana-atanın qızı yoxdursa, demək, uşağı yoxdur.

- Eləmi?


- Təbii...Oğlanlar evləndilərmi, ata-ana yaddan çıxır. Qız həmişə ailəsinin yanındadır.

- CHP- çi olmaq necə bir duyğudur?


- Uzun zamandır siyasətlə məşğul olduğumuza gözə çox xoş bir duyğudur. Yəqin ki, zövq almadığımız bir yerdə qalmazdıq.

- Azərbaycana gəlməsəniz də, izləyirsiniz. Necə görünür bizim ölkə?


- Təəssüf ki, demokratiya məsələsində sizdə də ciddi sıxıntılar olduğunu hiss edirəm. Sadəcə ,Türkiyədə deyil, Azərbaycanda da beynəlxalq hüququn tətbiq olunması lazımdır. Ümid edirəm ki, ən qısa zamanda Azərbaycanda da bu məsələdə irəliləyiş olacaq.

- Türkün başı həmişə bəladadır. Problem özümüzdə deyilmi?


- Təbii ki, bir az da özümüzdədir. Dünyada tətbiq olunan beynəlxalq hüququ inkişaf etdirməsək, bu sualların önünə keçmək mümkün olmayacaq. Bir adamın qərar verə biləcəyi dönəmlər bitdi. Bəlkə 50 il öncə ola bilərdi, ancaq indi zaman başqa şey tələb edir. Əgər bu gün Orta Şərq coğrafiyasında ən itaətcil xalqların belə gəncliyi önə çıxıb etiraz edirsə, bundan bir örnək götürməliyik. Əks halda, onsuz da hadisələr öz zərərimizə işləyir. Hörmətli baş nazirimiz bəlkə bu məsələni diqqətdən kənarda saxlayır, ancaq bu, çox önəmli bir məqamdır. Gənclər İstanbulun Anadolu tərəfindən yürüş edərək Avropa tərəfinə keçirlərsə, hamımız bundan bir dərs almalıyıq. Heç birimiz uşağımızı gecə vaxtı yürüşə çıxara bilmərik. Mən oğluma gecə saat üçdə "oğlum, get mənə bir siqaret al", desəm etiraz edər. Səhər saat 4-də minlərlə gənc yoldaşları ilə boğaz üzərindəki körpünü keçirsə, hamımız bu faktı incələməliyik. Bunu "çapulcu-mapulcu" deyib kiçildərək, aşağılayaraq ötüşdürə bilmərik. Bu uşaqlar bizim gəncliyimizdir, onlara sahib çıxmalı, dinləməliyik.

- Ümumiyyətlə, dövlət etirazlar zamanı necə bir mövqe sərgiləməlidir?


- Üç nəfər də durub nəyəsə etiraz etsə, dövlət onu dinləməlidir. Dövlət vətəndaşına meydan oxumalı deyil! Tələbləri dinləmək lazımdır.

- Bəs ölkənin, dövlətin başında duran adam?


- Gərək dövlətin başında duran adam demokratiyadan özü də faydalansın, cəmiyyəti də faydalandırsın.

AzNews.az