Araz Abdullayevin cinayət işinin istintaqı yekunlaşmaq üzrədir

20 İyun 2013 19:10 (UTC+04:00)
Azərbaycanın futbol yığmasının və "Neftçi" klubunun futbolçusu Araz Abdullayevin mart ayının 28-də Bakı şəhərinin Xətai rayonu ərazisində törətdiyi ağır yol qəzası ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb və müvafiq ekspertiza təyin edilib. Bu günlərdə avto-texniki ekspertizanın nəticəsi məlum olub. Amma futbolçunun hüquqlarını müdafiə edən vəkil rəylə razılaşmayıb və vəkilin tələbi ilə təkrar ekspertiza təyin edilib.

Hadisə zamanı ağır xəsarət almış və Travmatologiya İnstitutuna yerləşdirilmiş piyada, 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva futbolçudan şikayətçi olmadığını bildirib və bunu yazılı şəkildə hüquq-mühafizə orqanlarına bildirib. Hətta qadın qeyd edib ki, Araz məhkəməyə veriləcəyi təqdirdə, "onun başına iş gəlsə, özümü öldürəcəm".

A.Abdullayevin piyadaları maşınla vurduğu qəzada hadisə yerindəcə keçinmiş digər qadın Zəminə Hüseynovanın yaxınlarının da futbolçudan şikayətçi olmadığı məlum olub. Z.Hüseynovanın ailə üzvləri dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə, ölkə rəhbərliyinə və digər yerlərə məktub yazaraq bu işin gənc futbolçunun xeyrinə həll edilməsini istəyiblər.

Qeyd edək ki, mart ayının 28-də günorta saatlarında Araz Abdullayev 90 XF 350 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Nobel prospektində Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib.

AzNews.az