Bakıətrafı kənd və qəsəbələrə yeni marşrut xətti işləyəcək

10 İyul 2021 13:39 (UTC+04:00)

Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası istiqamətində işlər davam etdirilir.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu çərçivədə 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. Yeni marşrut xətti “Pirşağı” dəmiryol stansiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəssisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar iyul ayının 12-dən fəaliyyət göstərəcək.