Araiki Xankəndidən rədd etmək planı

14 İyul 2021 12:03 (UTC+04:00)

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisini Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə-Dağlıq Qarabağa göndərib. Ermənistan hökumətinin saytında yerləşdirilmiş rəsmi qərarda baş nazirin köməkçisi Qaqik İsaxanyanın “dörd günlük işgüzar səfərlə” Dağlıq Qarabağa ezam edildiyi göstərilir. Bildirilir ki, İsaxanyan iyulun 12-dən 15-nə qədər Xankəndidə “işçi görüşlər keçirəcək” və nəticələri barədə hesabat hazırlayıb baş nazirə təqdim edəcək.

Qarabağ ermənilərinin başçısı Araik Arutyunyanın “personası” təkcə Azərbaycanda deyil, Ermənistanda da ciddi qıcıq və narahatlıq doğurur. Eyni zamanda, Qarabağın erməni əhalisi də ondan ciddi narazıdır. Elə ötən ay Arutyunyana qarşı Xankəndidə keçirilən etiraz aksiyası, onun “istefası”nın tələb olunması da bu narazılığın əlaməti idi. Separatçıların “təhlükəsizlik katibi” adlı oyuncaq fiquru Vitali Balasanyan da Arutyunyanla anlaşa bilmir. Ancaq bütün bunlar sadəcə, Qarabağdakı illərdir girovluqda qalan mülki əhalinin etirazlarını körükləyən faktordur.

Məlumdur ki, hələ ötən il separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan, həmçinin qondarma qurumun digər nümayəndələri David Babayan, Cəlal Arutunyan, Armen Babacanyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib. Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, bu qərarların icrası üçün Azərbaycanın müvafiq qurumlarına, o cümlədən, İnterpola müraciət olunub. A.Arutyunyanın rəsmi olaraq Azərbaycanda axtarışda olması və barəsində cinayət işi açılması Ermənistanın da manevr imkanlarını sıfırlayır. Bu səbəbdən ehtimal edilir ki, Ermənistan onun yerinə yeni kadr axtarışındadır. Paşinyanın köməkçisini Xankəndi və ətrafdakı vəziyyətlə bağlı hesabat hazırlamaq üçün göndərməsi də Araikin sonunun yaxınlaşdığını göstərir. Amma Araikin ətrafında belə bir kadr yoxdur, ya da onlar da elə Azərbaycanla düşmənçilik siyasəti güdən Balasanyan, Balayan kimiləridir. O səbəbdən ola bilər ki, erməni icmasına rəhbərlik üçün yeni kadr axtarışına Araik və dəstəsi müqavimət də göstərsin. Amma istənilən halda onu və ətrafını Qarabağın erməni icmasından uzaqlaşdırmaq qaçılmazdır. Bu, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımaq planın da bir hissəsidir. Ermənistanın və havadarlarının hansı planları qurmasından asılı olmayaraq, Azərbaycan dövlətinin qəti iradəsi var: Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, status söhbəti “cəhənnəmə gedib”, sadəcə Qarabağdakı Azərbaycan vətəndaşlarından söhbət gedə bilər. Bu mənada erməni əhali də Azərbaycan qanunlarına tabe olduğu təqdirdə, əgər hər hansı cinayət əməllərində iştirakları yoxdursa, o zaman ölkəmizdə yaşamaq hüququnu əldə edəcəklər.

İnterpolun axtarışına verilmiş A.Arutyunyanın növbəti dəfə Rusiyaya səfər edəcəyi barədə xəbər isə sadəcə, qəzəb doğurur. Rusiya onun ərazi bütövlüyünə qəsd edən hansı arutyunabənzər birisinə bu şəkildə “yaşıl işıq” yandıran ölkənin addımını həzm edərdi? Təbii ki, heç birisini. Elə vaxtilə Çeçenistanda baş verənləri misal çəkmək kifayət edər. Ancaq bir müddət əvvəl Rusiyaya sərbəst şəkildə səfər edən Qarabağın baş terrorçusu növbəti dəfə bu həmsədr ölkəyə gedəcək. İddialar var ki, Arutyunyan “növbədənkənar seçki” imkanlarını da müzakirə edəcək.

Azərbaycan Respublikası kimliyindən və vətəndaşlığından asılı olmayaraq, bu cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir. Bu da məlumdur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardıma dair müqavilə ilə Rusiya həm nəzarət etdiyi Dağlıq Qarabağ ərazilərində, həm də öz ərazisində olan, axtarışa verilmiş bütün şəxsləri Azərbaycana təhvil verməlidir. Ancaq təəssüf ki, ikitərəfli anlaşma erməni canilərinə münasibətdə işləmir, özü də neçə illərdir. Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı, konkret olaraq general Muradovun Arutyunyanla qucaqlaşma səhnəsini də unutmamışıq. Bu gün sülhməramlılar separatçılarla fəal işbirliyindədir və onları açıq himayə edirlər. Təsadüfi deyil ki, iyun ayında Moskvadan qayıtdıqdan sonra A.Arutyunyan özünün Facebook səhifəsindən tərəfdarlarını Xankəndinin mərkəzinə mitinqə çağırdı. Güman olunurdu ki, o zaman Arutyunyanın Paşinyanla işbirliyində olması Moskvada da ikrah doğurduğu üçün onun əvəzlənməsi prosesinə start verilib. Ancaq baş terrorçunun növbəti dəfə Rusiyaya çağırılması anlaşılmazdır. Belə çıxır ki, Rusiya rəhbərliyi Paşinyana “kart-blanş” verdikdən sonra Araikə də münasibət dəyişib. Ancaq kimlərin hansı plan qurmasının Azərbaycan dövləti üçün heç bir mənası yoxdur və olmamalıdır. Qarabağda hərbi qələbəni təmin edən dövlətimiz indi də bir ovuc ram olmaq istəməyən quldurların cəzalandırılması istiqamətində səylərini davam etdirəcək. Azərbaycan Prezidentinin Xankəndi, Xocalı və Xocavəndi də əhatə edən Qarabağ iqtisadi zonası və həmçinin Şərqi Zəngəzurla bağlı son sərəncamları Bakının bu məsələdə geridönməz siyasətinin növbəti təzahürüdür. Bu mənada müharibə günlərində “Gəncə mənim əmrimlə vurulub” bəyanatını verməklə beynəlxalq terror təşkilatlarının missiyasının daşıyıcılarından biri olaraq insanlığa meydan oxuyan A.Arutyunyanın nəinki əvəzlənməsi, onun dərhal həbs edilərək müttəhimlər kürsüsünə çıxarılması gecikdirilmədən həyata keçirilməlidir. Əgər aparıcı paytaxtlar bölgədə əbədi sülhün bərqərar olmasını istəyirlərsə, bu istiqamətdə gərəkəni etməlidirlər.

Mütləq Papravənddə ev tikəcəyəm – Akif Nağı ilə

Akif Nağı

QAT sədri Akif Nağı da “Yeni Müsavat”a bildirdi ki, Araiki hərbi cani , zərərli ünsür kimi əvəzləmək yox , zərərsizləşdirmək barədə düşünməliyik: “Sizin də qeyd etdiyiniz kimi, ona qarşı Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi açıb, beynəlxalq axtarışa verilib. Ona görə də Azərbaycan qəbul etdiyi qərarlara yğun hərəkət etməli, Rusiya sülhməramlıları tərəfindən onun rəsmi Bakıya təhvil verilməsi istiqamətində addım atmalıdır. Təəssüf ki, Rusiya tərəfindən uyğun addımı hələlik müşahidə etmirik. Əksinə, bəzi məlumatlara görə, onu yenidən Moskvaya çağırıblar, hansısa söhbətlər etmək niyyətindədirlər. Yaxşı olardı ki, Rusiya rəhbərliyi Azərbaycanla münasibətlərinə uyğun olaraq onu Moskvadan birbaşa Bakıya göndərərdi. Bu, baş vermirsə, Azərbaycan bu caninin gətirilməsi üçün alternativ yollardan istifadə etməlidir. Cinayətkar öz cəzasını almalıdır”. A.Arutyunyanın başqası ilə əvəzlənməsi məsələsinə gəldikdə isə, A.Nağı qeyd etdi ki, burada Ermənistanın iştirakına heç bir ehtiyac yoxdur: “Həmin ərazi üçtərəfli 10 noyabr razılaşmasına görə Azərbaycanın tərkib hissəsidir. Orada gedən proseslər Azərbaycan tərəfindən həyata keçirilməlidir, o cümlədən Araikin yerinə yeni şəxsi Bakı təyin etməlidir. Biz Araiki yuxarı Qarabağdakı ermənilərin təmsilçisi kimi nəzərdən keçiririk. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, hər hansı erməni icmasından da söhbət getmir, oradakı ermənilər Azərbaycan ərazisində yaşayan əhalidir, icma-filan söhbətinə ehtiyac yoxdur, yalnız erməni əhalisini təmsil edən və Azərbaycan hakimiyyəti tərəfindən təyin edilən şəxsdən danışmaq olar. Azərbaycan prezidenti işğaldan azad olunmuş ərazilərə xüsusi nümayəndələrini təyin edir, bu mənada Xankəndi və digər yaxın ərazilərə də nümayəndə təyin edilə bilər. Fərqli yanaşmalara birdəfəlik son qoyulmalıdır. Azərbaycan ləngimədən məhz bu proseslərə start verməlidir. Qanun da, güc də bizim tərəfimisdədir. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xankəndidə oturmalı, yerinə sahib çıxmalı, bərpa və quruculuq işlərinə başlamalıdır”.

Qafar Çaxmaqlı:

Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlı isə qeyd etdi ki, faktiki olaraq Ermənistan Xankəndi ilə bağlı aktiv siyasət yeridə bilmir: “Birinci səbəb Rusiya sülhməramlılarının Paşinyan və komandasına imkan tanımamasıdır. İkinci səbəb isə artıq öz missiyasını başa vurmuş sayılan Araik Arutyunyandır. Onun axtarışda olması səbəb deyil, bu adam yerli idarəetmədə də və bölgədə gedən proseslərdə nə Ermənistana, nə də Rusiyaya sərf etmir. Bizim üçün əslində fərqi yoxdur, kim olacaqsa siyasətimiz dəyişməyəcək. Bizim siyasətimiz bu ərazidə Azərbaycanın suveren hüquqlarının bərpası olacaq. Bunu Paşinyan və onun Rusiyadakı və başqa yerlərdəki havadarları da yaxşı bilirlər və burada aparacaqları ”kadr islahatı" da buna hesablanacaq. Ehtimal ki, Paşinyan Moskva görüşündə müvafiq tapşırıqlar alıb və oraya öz adamını yerləşdirmək istəyir, gələcəkdə problemlə üzləşməsin deyə. Arayikin ətrafında olan və hələ də bu ərazini Ermənistana bağlamağı düşünən adamların da uzaqlaşdırılacağı ilə bağlı siyasət aparılacaq". Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan Kremlin təlimatını yerinə yetirərkən ona mane olan qüvvənin mövcudluğunu istəmir: “İndiki halda Samvel Babayan adlı quldurbaşı Ermənistanda da bu təbliğatı aparır ki, Paşinyan Xankəndini Azərbaycana təhvil verməyə hazırlaşır və iddiasını da açıq ortaya qoyur ki, Qarabağın ”təhlükəsizliyini" yalnız o, özü təmin edə bilər. Yetərli dəstəkçiləri də var. Balasanyan da iddialı fiqurdur. Amma o, Araik kimi, cinayətkar imicə sahib olduğundan burdakı icmanın başına gətirilərsə, ömrü uzun olmaz. Ermənistandan buraya kimisə emissar olaraq göndərmək isə Paşinyana əl vermir. Seçilən erməni qarabağlı olmalıdır Həm də yerli ermənilərdən hamısı keçmiş prezidentə bu və ya başqa şəkildə bağlıdırlar. Mən deməzdim ki, Paşinyanın burada dəyişiklik etməsinin məqsədi Qarabağın bu hissəsinin Azərbaycanın tərkib hissəsi planıdır. Erməni siyasi elitası və Rusiya da hələ buranın “başağrısı” olmasından çıxarılmasına tələsməyəcək. Ermənistanda siyasət hələ ki, “Qarabağ kartı” üzərində qurulmaqda davam edəcək. Bu prosesləri diqqətlə izləmək və proseslərə müdaxilə imkanlarımızı səfərbər etməliyik. Əlimizdə olan vasitələrdən istifadə edib bu ərazidə erməni idarəetməsinin möhkəmlənməsinə imkan verməməliyik". Bununla belə, politoloq qeyd etdi ki, Arutyunyan İnterpolda axtarışda olsa da, Rusiya onu qorumaqdadır: “Onu Rusiya tutub İnterpola verməlidir, amma Moskva bunu etməyəcək. Onu Qarabağda biz həbs edə bilərik. Bu çox ciddi addımımız olardı...”

Bəli, insanlığa qarşı hərbi cinayətlər törətmiş beynəlxalq terrorçunu bəsləyənlər bunu bilsinlər... Heç bir şübhəmiz yoxdur ki, Azərbaycanın müvafiq qurumlarının cəngavər oğulları bir neçə saatlıq əməliyyat keçirib Araiki “pişik balası” kimi torbaya salaraq qolu qandallı Bakıya gətirə bilər. Amma Rusiya sülhməramlıları özlərinin təsir zonasında olan ərazilərdəki quldurları da qoruyurlar, çox təəssüf ki. Bu isə beynəlxalq hüquqa zidd mövqedir və belə davam edərsə, sülhməramlı missiyaya vaxtından əvvəl xitam verilə bilər...