Deputat: "Ermənistanın nota verməsi gülüncdür"

14 İyul 2021 13:21 (UTC+04:00)

“Şuşaya gedən diplomatik korpusun nümayəndələrinə Ermənistanın nota verməsi çox absurd və gülüncdür. Əvvəla, Ermənistanın xarici işlər naziri yoxdur və XİN başçısı olmayan bir dövlətdə notanı kimin verməsi özü sual altındadır”.

AzNews.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, nə qədər ki, Ermənistanda seçkilərdən sonra dövlət, hakimiyyət formalaşmayıb bu proseslər o zamana qədər davam edəcək: “Çünki naməlum şəraitdə revanşistlərin, eyni zamanda Sarksyan-Koçaryanın inhisarında olan qüvvələr hələ də var. Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda kimin hara dəvət olunmasının Ermənistana və digər başqa heç bir ölkəyə də dəxli yoxdur”.

Arzu Nağıyev vurğulayıb ki, bu addımlar onu göstərir ki, ermənilər öz məğlubiyyətləri ilə barışmaq istəmirlər: “Bu məğlubiyyətlə barışmadıqlarına görə də gah sərhəddə, gah da diplomatik səviyyədə təxribatlar törədirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin səfirlərinin Şuşa səfərinə getməməsi və bu addıma ciddi izahat verilməməsi də bu problemə təsir edən əsas amillərdən biridir. Ermənistandakı bugünkü xaos nə zamana qədər ki, davam edir və seçkilərdən sonra dövlət formalaşmayıb, inaqurasiya mərasimi başa çatmayıb bu proseslər belə də qalacaqdır”.