“Minsk Qrupu dəfn olunub, kəfəni də çürüyüb” - Millət vəkili

14 İyul 2021 13:58 (UTC+04:00)

“Azərbaycanda fəaliyyət göztərən diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri həm diplomatik, həm siyasi, həm də regionda davamlı sülhün yaranması baxımdan çox mühüm tədbirdir. Və bu tədbirə qoşulan hər bir ölkənin diplomatı öz xoş niyyətini nümayiş etdirərək, bölgədə dayanıqlı sühün, əməkdşalığın və ədalətin tərəfdarı olduqlarını, o cümlədən Azərbaycanın haqq işinə dəstək verdiklərini nümayiş etdirdilər”.

AzNews.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, bu səfərləri ilə diplomatik korpus nümayəndələri Şuşanın və Qarabağın Azərbaycanın əbədi, əzəli torpağı olduğunu və bayrağının orada dalğalanmasını haqqı olduğunu təsdiq etmiş oldular.

Şuşaya səfər etməyən ölkələrin, xüsusən də ATƏT MQ həmsədr ölkələrin səfirlərinə gəldikdə komitə sədri deyib ki, onlar ən azında etik qaydalara uyğun olaraq səfərdən imtina etmələrinin səbəbləri barədə cəmiyyəti məlumatlandırmalı idilər: “Onların bu hərəkəti diplomatik münasibətlərə soyuqluq gətirən hərəkətlərdir. Digər tərəfdən onlar;n bu addımı böyük Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsinin süjetini xatırladır.

Onların düşüncələrində, xülyalarında ATƏT MQ hələ də yaşayır, onlar da bu qurumun həmsədrləri olaraq fəaliyyət göstərirlər. Ona görə də Şuşaya getməyə uyğun hesab etmirlər. Amma anlamırlar ki, ATƏT MQ 2020-ci ilin 10 noyabrında Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında torpaqları işğaldan azad edib, ərazi bütövüyünü təmin etməklə dəfn olundu. Artıq ATƏT MQ-nin dəfn olunduğu kəfən də çürüyüb. Onlar bunu dərk etməlidir. Adıçəkilən ölkələrin hər biri Azərbaycanla iki və çoxtərəfli formatda əməkdaşlıq edir. Hesab edirəm ki, bu ölkələr münasibətlərini bölgənin davamlı inkişafına xidmət edən formada qurulmalı və dayanıqlı sülhün təmin olunmasına xidmət etməlidir”.

Millət vəkili onu da bildirib ki, bu 2-3 dövlətin diplomatının Şuşaya gedib-getməsməsini elə bir prinspial əhəmiyyəti yoxdur.

“Artıq dünya Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir və ərazi bütövlüyünü müdafiə edir. Sadəcə olaraq bu bir daha göstərir ki, adıçəkilən dövlətlər arasında münasibətilərin korrektə edilməsinə ehtiyac var”, - komitə sədri qeyd edib.