Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

16 İyul 2021 16:14 (UTC+04:00)

Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.

AzNews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin “Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır” sərlövhəli məqaləsində əksini tapıb. Məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər.

Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Allah Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun müddət Azərbaycanın ərazisinin 20 faizini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qətnamələrin tələblərini yerinə yetirmir, münaqişəni hər vəchlə daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin çağırışlarına məhəl qoymurdu.

Qazanılan diplomatik uğurlara baxmayaraq, yaşanan proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”.

Azərbaycan Prezidentinin bu ifadəsinə əsasən hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yaratmaqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırıb. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını zamanın tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilib, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb. Təsadüfi deyil ki, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2021-ci il hesabatında 138 ölkənin orduları sırasında Gürcüstan ordusu 92-ci, Ermənistan ordusu 100-cü yerdə olduğu halda, ordumuz 64-cü yerdə qərarlaşıb. Bununla da ötən illərdə olduğu kimi, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Qeyd olunanlar hərbi uğurlarımıza rəvac vermiş və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və bu ilin iyul ayında, eləcə də sentyabrın 27-dən başlayaraq düşmənin növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə nümayiş etdirərək xalqımıza ardıcıl zəfərlər və nəhayət möhtəşəm qələbə sevinci yaşatdı.

Sentyabrın 27-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə sövq etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatması üçün çalışdı, yumruq kimi birləşdi. Dövlətimizin başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Vətən müharibəsində müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin şücaəti sayəsində hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Həmin sənədə əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da haqq mübarizəsi hərbi və siyasi-diplomatik qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Qazandığımız hərbi və siyasi-diplomatik qələbə Müzəffər Ali Baş Komandanın hərtərəfli siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdəti nəticəsində əldə olundu. Prezident İlham Əliyev bu barədə deyib: “...heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun qazandığı Qələbəyə kölgə sala bilməz...”. İşğal altındakı torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradaraq ölkəmizin həm regionda, həm də dünya miqyasında mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Yeri gəlmişkən, iftixar hisləri ilə qeyd etmək lazımdır ki, qürur dolu 44 gün ərzində də prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları, istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı vətəndaş kimi üzərinə düşənləri layiqincə yerinə yetiriblər. Vətən müharibəsindən əvvəl Baş prokuror Kamran Əliyev ilə Hərbi prokuror Xanlar Vəliyevin cəbhə bölgəsinə birlikdə uğurlu səfərlərinin, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənin ələ keçirilən silah-sursat və texnika ilə yanaşı, dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

Hər kəsə məlumdur ki, bundan öncə də həmin meydanda bir neçə möhtəşəm parad keçirilib. Bakının azad edilməsinin 100 illiyi münasibətilə 2018-ci il sentyabrın 15-də keçirilmiş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi. Ancaq Zəfər Paradının əvvəlkilərdən fərqi ondan ibarət idi ki, həmin gün meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordunun hərbçiləri qələbə əhval-ruhiyyəsi ilə addımlayırdılar. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssüratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər Paradı idi. Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün ciddi bir siyasi eyham oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan nitqində vurğuladı ki, “...Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik...”

Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib.

Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür. Yeri gəlmişkən, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də regionda sülhün bərqərar olmasının səmərəli mexanizmi kimi diqqəti cəlb edir.

Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq. Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı tarixi bağlara malik olmağımız ölkələrimizi daha da yaxınlaşdırır və xalqlarımızın sevincli, kədərli günlərdə hər zaman bir-birinin yanında olmalarını şərtləndirir.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə prokurorluqları arasında da hər zaman sıx işgüzar əlaqələr və səmimi münasibətlər mövcud olub. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə bu ilin fevralında Ankaraya, may ayında isə Bekir Şahinin Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərləri bu münasibətlərin yeni müstəvidə uğurla davam etməsinə, daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə rəvac verib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni - qızıl dövrü başladı. Əminik ki, bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional qurumlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək verəcəklər.

Həmin sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş ortaq fəaliyyətin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələrin aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Şuşa Bəyannaməsində qardaş dövlətlərin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah-sursatın idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafelərə, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması da daxildir.

Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi son dərəcə mühüm məsələlər də yer alır.

Mühüm tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.

Qeyd etmək lazımdır ki, adıçəkilən sənəddə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyi, əlaqələrin təkcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda bölgə ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanıb.

Göründüyü kimi, bu mühüm tarixi sənəd özündə hər iki dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun sabitliyinə, sülhə, rifaha və digər maraqlarına hesablanmış olduqca önəmli məsələlər barədə müddəaları özündə cəmləşdirib. Bu da qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək.

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.