Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq - Prezident

18 İyul 2021 22:35 (UTC+04:00)

Əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında Day.az informasiya agentliyinin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Həmçinin beynəlxalq media nümayəndələrinin azad olunmuş ərazilərə bir neçə səfər təşkil edilib ki, onlar da dağıntıların miqyasının şahidi olsunlar. Bununla yanaşı, Azərbaycanda akkreditə olunmuş səfirlər və digər diplomatik nümayəndəliklərin rəhbərləri azad olunmuş ərazilərə bir neçə dəfə səfər ediblər. Mənzərə onlar üçün aydın oldu. Oralar yerlə-yeksən edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil və biz onu azad edəndə orada bayrağımızı dalğalandırmaq üçün bir dənə də bina tapa bilmədik. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.

Beləliklə, orada görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra - ermənilərə həmin əraziləri boşaltmaq üçün iki həftə vaxt verildiyi müddətdə orada yeni basdırılan minaya düşüblər.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Yəni, bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb.

Xarici sərmayələrə gəldikdə, zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir.

Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Hesab edirəm, digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bir nümunə qeyd edə bilərəm. Azad olunmuş ərazilərdə meşə massivlərinin sahəsi 230 min hektar olub. Bu gün isə peyk müşahidələrinə əsasən, meşələrin sahəsi 170 min hektardır. Yəni, 60 min hektar meşə məhv edilib. Bizim göl və çaylarımız çirkləndirilib və biz artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.

Eyni zamanda, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan, çaylarımızı çirkləndirən, təbiətimizə ziyan vuran və təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metalları qanunsuz olaraq talayan xarici şirkətlərə qarşı hüquqi prosedurlara start verilib. Beləliklə, xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Mən ümid edirəm ki, xarici investorlar Azərbaycanda olduqca münbit sərmayə iqlimini nəzərə alacaqlar. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur. Ümid edirəm ki, xarici şirkətlər bu mövzunu ciddi nəzərdən keçirəcək.

Yeri gəlmişkən, deyə bilərəm ki, artıq Avropadan olan bir şirkət azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu, yaxşı başlanğıcdır və əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır".