“Elmin beynəlxalq mühitə inteqrasiyasında müəyyən problemlər var“

21 İyun 2013 10:44 (UTC+04:00)
Sovet elm sistemindən qalma ənənələrin müəyyən səviyyələrdə öz mövcudluğunu qoruyub saxlaması Azərbaycan elminin beynəlxalq elmi mühitə transformasiyasını ləngidir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda digər sferalarda olduğu kimi, elmin beynəlxalq mühitə inteqrasiya sahəsində də müəyyən problemlər var: "İndi elə bir dövrdür ki, sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji sahələrdə sürətli transformasiyalar prosesi gedir. Bu prosesdə elm bir tərəfdən özü məqsədyönlü olaraq transformasiya olunmalı, digər tərəfdən başqa sahələrdəki transformasiyalara, necə deyərlər, elmi dəstək verməlidir. Digər tərəfdən, xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu proseslər mürəkkəb xarakterli qlobal problemlər kontekstində baş verir. Müstəqil Azərbaycan üçün bu prosesləri xüsusi olaraq mürəkkəbləşdirən digər amillər də var. Bu sırada Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini və bu işğalın yaratdığı çoxsaylı sosial və mənəvi-psixoloji problemləri, qaçqınlıq, kökçünlük məhrumiyyətlərini xüsusi olaraq qeyd etmək istərdik".

A.Əlizadə deyib ki, belə vəziyyət heç şübhəsiz, bütün digər sahələrlə yanaşı, Azərbaycanda elmin inkişafına da öz mənfi təsirini göstərməkdədir. Strateji inkişaf xəttində beynəlxalq strukturlara inteqrasiyanın mühüm yer tutduğu Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələri ilə elmi əməkdaşlığın genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil prosesinin təşkilində beynəlxalq təcrübə mübadiləsindən bila­vasitə asılıdır. Bunun üçün də ölkəmizdə elm və təhsil dünyanın ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir, qlobal intellektual mühitə, universitetlərə, elmi mərkəzlərə sürətlə inteqrasiya olunur.//trend//

AzNews.az