“... qəbul edəcəyimiz qətnamə çox sərt olmalıdır”

21 İyun 2013 10:47 (UTC+04:00)
Milli Məclisin iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə və Avropaya Azərbaycanla bağlı məlumat göndərən qeyri-hökumət təşkilatları sərt tənqid olunub.

APA-nın xəbərinə görə, deputat Musa Quliyev bildirib ki, qətnamə Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: "Orada adı qeyd olunan İlqar Məmmədov aparıcı müxalifət nümayəndəsi kimi qeyd olunub, halbuki onun heç bir siyasi gücü yoxdur və onun özü əslində təxribatçıdır. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə olan qüvvələr onun kimilərindən istifadə edib ölkəmizə qarşı təzyiq məqsədilə qərar qəbul etdirirlər".

Deputat Milli Məclis adından bəyanat qəbul edilməsi təklifini irəli sürüb.

Deputat Siyavuş Novruzov isə çıxışında bildirib ki, qətnamədə onlara "donos" verən 52 QHT barədə məlumat verilir, lakin adları çəkilmir: "Orada guya İlqar Məmmədovun prezident seçkilərində real namizəd olduğu üçün həbs edildiyi qeyd olunub. İlqar Məmmədov heç bələdiyyə seçkilərində real namizəd ola bilməz. Sosioloji sorğu keçirilsə, məlum olar ki, ictimaiyyətdə heç kim onu tanımır".

Deputat qeyd edib ki, qətnamə Azərbaycanın uğurlarına, həyata keçirdiyi layihələrə kölgə salmaq məqsədini daşıyır: "Avropa Parlamentinə cavab olaraq qəbul edəcəyimiz qətnamə çox sərt olmalıdır".

Spiker isə S. Novruzova cavab olaraq deyib ki, Avropada Azərbaycanın dostları olsa da, belə məqamlarda səslərini çıxarmırlar.

AzNews.az