Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər

21 İyul 2021 10:56 (UTC+04:00)

Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və “Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini feysbuk səhifəsində açıqlayarkən bildirib.

Sədrin yazdığına görə, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Smbatyan bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “icra strukturunda işləməyə adət etdiyindən” parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistandan növbədənkənar parlament seçkiləri keçirilib. Bu siyasi kampaniyada Nikol Paşinyanın partiyası 52,91 faiz (71 mandat), Robert Koçaryanın “Ermənistan” seçki bloku 21,09 faiz (29 mandat), Serj Sarqsyan və Artur Vanesyanın başçılıq etdikləri “Şərəfim var” bloku 5,22 faiz (7 mandat) səs toplayıb. Sonuncu blok hələ ki parlamentdə iştirak edəcək deputatlarının adlarını açıqlamayıb.

Qeyd edək ki, iyulun 26-da Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək. (report)