İndoneziya COVID-19-la bağlı məhdudiyyətləri yumşalda bilər

21 İyul 2021 18:57 (UTC+04:00)

İndoneziya hökuməti COVID-19-la bağlı iyulun 3-dən ölkədə tətbiq edilən məhdudiyyətləri gələn həftədən yumşalda bilər.

Aznews.az İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə təkliflə ölkədə koronavirusun tüğyan etməsinə baxmayaraq, Prezident Coko Vidodo çıxış edib.

Qeyd edək ki, məlumatlara görə, İndoneziyada son sutkada 38 min 325 yoluxma halı qeydə alınıb, 1280 nəfər isə həyatını itirib. Bu, ikinci ən böyük göstərici hesab olunur. Xəstəliyin sürətlə yayılmasının səbəbi kimi koronavirusun ilk dəfə Hindistanda aşkar edilən “Delta” ştamı göstərilir.

Ölkədə tətbiq olunan çox ciddi məhdudiyyətlər Yava adasında, paytaxt Cakartada və turizm mərkəzi hesab edilən Balidə iyulun 20-də başa çatmalı idi. Həmin tədbirlər ikinci dərəcəli müəssisələrin işçilərinin məsafədən çalışmasını nəzərdə tutur.

İndoneziya Prezidenti bəyan edib ki, həmin məhdudiyyətlərin müddəti iyulun 25-dək uzadılacaq. C.Vidodo, həmçinin bildirib ki, yoluxma sayı azalacağı təqdirdə o, gələn həftə məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

Nazirlər Kabinetinin bəzi üzvləri isə məhdudiyyətlərin daha bir neçə həftə uzadılmasını təklif edirlər. Bunun çox incə problem olduğunu qeyd edən İndoneziya Prezidenti, məhdudiyyətlərin ölkə iqtisadiyyatına ağır təsir göstərməsindən narahat olduğunu deyib.

Prezidenti iqtisadiyyatı insanların həyatından yuxarı tutmaqda günahlandıran bəzi mütəxəssislər isə onu tənqid etməkdən belə çəkinmirlər.