Həsən bəy Zərdabi də “troll” idi?

22 İyul 2021 15:38 (UTC+04:00)

1875-ci ilin bu günündə Badikubə şəhərində “Əkinçi” adlı bir qəzet nəşr olundu.

Qəzetin naşiri Badikubə şəhərindəki məktəb müəllimi Həsən bəy Zərdabi idi.

Bəy öz nəşrini Avropada, Amerikada, Rusiyadakı mətbuatla müqayisə edir və deyirdi ki, “Əkinçi” əslində nə qəzet kimi qəzet, nə də jurnal kimi jurnaldır. Çünki qəzet kimi günlük və ya həfətəlik xəbərçilik edə bilmir, jurnal kimi elmi məqalələr yayımlaya.

“Əkinçi” iki həftədə bir dəfə çıxırdı, naşir onu həftəliyə keçirmək istəyirdi.

Amma bir neçə mühüm səbəb vardı ki, Həsən bəyin əl-qolunu bağlamışdı.

Birincisi, əlifba problemi idi.

“Əkinçi”nin mətbəədə basılması üçün hürufat Osmanlıdan alınmışdı, bizim ana dilimizlə səs fərqləri olduğuna görə, çap əngəlləri yaranmışdı. Bu əngəli aşmaq üçün münşilər, məsələn, “q” səsi olmayan sözlər tapıb yazmağa çalışırdılar ki, vəziyyətdən çıxsınlar.

İkincisi, mətbəədə işçi qüvvəsi çatışmırdı. Həsən bəy təkcə qəzetin yaradıcısı və yazıçısı deyildi, həm də “Əkinçi”nin işıq üzü görməsi üçün gedib mətbəə işləri görürdü.

Üçüncüsü, “Əkinçi” sərmayəsiz qəzet idi, borcu-xərcini ödəmirdi, redaksiya ilə əməkdaşlıq edənlər olmurdu.

O dövrdə Bakıda qəzet çıxmasından xəbər tutan, səhv etmirəmsə, bir fransız “Əkinçi”nin maddi-texniki bazasındakı problemləri görüb demişdi ki, Avropada bu şərtlər altında heç kim qəzet çıxarmaz, qəzetdə çalışmaz, siz fədakarlarsınız!

Bəli, Həsən bəy fədakar idi, onu bu gün bizim sevimlimiz, Ustadımız edən də məhz onun altruistliyi idi.

Təsəvvür edin, ayda iki dəfə çıxan bir nəşrin cəmi 300 abunəsi vardı.

Bu abunəçilərin bir qismi Həsən bəyin şəxsi tanışları idilər, faktiki olaraq qəzeti almırdılar, amma xətir-hörmət üçün hər nömrəyə bir nüsxənin qiymətinə görə pul ödəyirdilər.

Abunəçilərin böyük əksəriyyəti yenə Həsən bəyin şəxsi tanışları idi. Onlar qəzeti alır, amma oxumurdular, “Əkinçi”ni, əsasən, Bakı kəndlərində məişətdə istifadə etmək üçün qohum-əqrəbaya göndərirdilər.

Qısacası, qəzetçiliyin evi yıxılmışdı və heç şəkk-şübhə yoxdur ki, onu bu kökə “Əkinçi”nin nəşrindan 111 il sonra dünyaya gələn İlham Əliyev salmışdı.

Bu, necə olar bilər?- deyə sual verməyin, qaragüruh üçün belə suallar artıqdır.

Başqa ölkələri bilmirəm, amma Azərbaycanda jurnalistikanın qəribə bir taleyi var- cəhalətlə, qaragüruhla üz-üzə qalmaq!

O dövrdə bir Hadi Qarabaği varmış, “Əkinçi”ni həcv edib redaksiyaya göndəribmiş. Həsən bəy həcvi tam olmasa da, qəzetində çap edir və yazır:

“Cənab Hadi Qarabağinin həcvini tamam çap eləməyə izn olmadı... Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub, onun üstünə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigarə baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islami qəflətdən ayıltmaq istəyən vəqtdə neçə nadanlara rast gəlmişəm”.

Bax, həmin Hadının nəvə-nəticələri bu gün saysız-hesabsızdırlar, cahil və nadan bir kütlə əmələ gətiriblər, sosial şəbəkələrəki məsuliyyətsiz sərbəstlikdən bəhrələnərək Azərbaycanın milli imzalarını həcv edir, “troll” adlandırırlar.

Həmin kütlənin nöqteyi-nəzərincə, Həsən bəy Zərdabi də “troll” adlandırılmalıdır.

Ona görə ki, Zərdabi “Əkinçi”dəki bir məqaləsində gündəlik tələbat mallarının qiymətinin qalxmasını zəmanənin pisləşməsi ilə deyil, yaxşılaşması ilə, bazar və bazara çıxış imkanları ilə əlaqələndirmiş, ölkədə dəmir yollarının çəkilməsini, məktəblərin, qəzetlərin açılmasını təqdir etmiş, öz zamanının əvvəlki əyyamlardan daha bərəkətli olduğunu yazmışdı.

Hə, bu arada yuxarıda diqqətinizi çəkdi, ya yox, bilmirəm, “Əkinçi”yə pul ödəyib, amma onu almayanlar da olduğundan, qaragüruhun Həsən bəy Zərdabini utanıb-qızarmadan “reket” elan etməsi üçün də ciddi əsaslar var.

İstehza bir yana, mənim Azərbaycan mətbuatına yanaşmam şaqulidir.

Əgər sənin cəmiyyətində qəzetçiliyin əsasını qoyan “Əkinçi” 300 tirajla, həftədə iki dəfə çıxıbsa, onu da böyük ölçüdə oxuyan olmayıbsa, şanlı mətbuat keçmişindən danışa bilməzsən.

Bu sözümdə tənə ünvanı “Əkinçi” və onun fədakar yaradıcısı, gerçəkdən böyük bir aydın olan Həsən bəy Zərdabi deyil. Haşa!

Üzeyir bəy Hacıbəyovun yaxşı bir felyetonu var, əsas sualı belədir: Avropada qəzetlər dayansa nə olar, bizdə qəzetlər dayansa nə olar? Məlum, Avropada qəzetlər dayansa, ölkənin bütün iqtisadi, sosial, siyasi sistemi çökər, amma bizdə HEÇ NƏ baş verməz.

Niyə?

Çünki bizdə həm ilk, həm də ondan sonrakı qəzetlər MAARİFÇİ kimi yaranmışdı, onlara iqtisadi baxımdan bazarın, mədəni baxımdan cəmiyyətin ehtiyacı yox idi.

Bu gün büdcələri bizim dövlət büdcəsinin bir neçə qatına çıxan beynəlxalq brendlərə baxın, əksəriyyətinin yaşı 100-dən çoxdur. Nəsillər dəyişib, amma eyni qəzeti oxumaq dəyişən nəsillərin ənənəsinə çevrilib.

Varmı belə bir ənənəmiz?

Yaxşı, ənənəmiz yoxdur, olmamasının da suçunu yıxaq sovetlərin boynuna, Stalin repressiyalarında ziyalılarımızın və zadəganlarımızın gülləbaran edilməsinə.

Bu gün mediaya tələbat varmı?

Azərbaycanda hansısa sayt, xəbər portalı on-line abunə sisteminə keçsə, onu oxumaq üçün 6 ayda 30 manat ödəməyə kim hazırdır?

Uzaqbaşı 300 nəfər!

Demək ki, “Əkinçi”dən üzübəri toplum olaraq forma dəyişdirmişik, məzmun yox!

Əgər bu gün Azərbaycanda əhalinin sayı Həsən bəyin dövründən qat-qat çoxdursa, görün biz NEÇƏ nadan və cahilə rast gəlmişik!

Qısacası, 146 il öncə Zərdabi bir qəzet çıxartdı, özünü də işə saldı, bizi də!

Yenə də Allah sənə rəhmət eləsin, Ustad!

Taleh ŞAHSUVARLI