"MEDİA ilk addımlarını atır” - Əhməd İsmayılov

22 İyul 2021 22:57 (UTC+04:00)

"MEDİA ilk addımlarını atır”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Dənizkənarı Milli Parkda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirdə deyib.

Ə. İsmayılov jurnalistlərdən agentliyi dəstəkləməyi xahiş edib: “Bütün layihələrdə təkliflərə açığıq. Ali Baş Komandanın rəhbərliyi altında biz qələbəni qazandıq. Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın həyatında onun mediası böyük rol oynayır: “”Əkinçi" qəzeti də Azərbaycan mediasının, mətbuatının əsasını qoyub. Azərbaycan mediası uzun, keşməkeşli yoldan keçib, bununla belə hər zaman xalqın yanında olub. 30 ildir ki, jurnalistlər mübarizə aparırdılar, milli- vətənpərvərlik mövzusunun işıqlandırılmasında medianın rolu danılmazdır. Eyni zamanda, Qarabağ savaşında jurnalistlərimiz qələmi silaha çevirməyi bacardılar".

MŞ sədri MEDİA-nın fəaliyyətindən danışıb və bildirib ki, son proseslər uğurlu nəticələrə gətirib çıxaracaq: “Son dövrlərdə hətta jurnalist vəsiqələri məsələsi də gündəmə gəlib. Bilin ki, bu islahatlar Türkiyədə və digər ölkələrdə də tətbiq olunub. Bunun bizim ölkəmizdə də uğurla həyata keçiriləcəyinə əminəm”.

MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov bildirib ki, son dövrlər media sahəsində islahatların dərinləşdirilməsi gündəmə gəlib: “Bunun nəticəsində Medianın İnkişafı Agentliyi yaradıldı. MEDİA-nın yaradılmasından çox müddət keçməsə də, onların fəaliyyətini fədakarlıq kimi qiymətləndirirəm. Onlar bütün media nümayəndələri ilə görüşlər keçirməyə çalışırlar. Biz də MTRŞ olaraq MEDİA ilə əməkdaşlıq edirik”.

F. Novruzov Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin də xatirəsini yad edib və qeyd edib ki, onların fəaliyyətini bu gün anmamaq mümkün deyil.