Fransalı deputatlar İmarətdə - FOTO

23 İyul 2021 18:49 (UTC+04:00)

Fransa Milli Assambleyasının nümayəndə heyəti Ağdam şəhərinə səfəri çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl "Qarabağ" futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər.

Aznews.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin şəxsi nümayəndəsi Emin Həsənov qonaqlara türbələr barədə məlumat verib. Qeyd edilib ki, İmarət qəbiristanlığında Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.

Daha sonra Ağdam Cümə Məscidini ziyarət edən fransalı deputatlara bildirilib ki, ermənilər Ağdam şəhərinin işğalı zamanı məsciddən heyvan saxlamaq üçün tövlə kimi istifadə ediblər.

Daha sonra Emin Həsənov qonaqlara yenidən qurulacaq Ağdam şəhərinin baş planı haqqında məlumat verib.