Ermənistanın sülhü təhlükəyə almasına icazə verilməyəcək - AKP sözçüsü

25 İyul 2021 18:23 (UTC+04:00)

“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə yeni problemlərlə qarşılaşacaq”.

Aznews.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik “Twitter” səhifəsində yazıb.

Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan hərbiçisinin şəhid olmasına münasibət bildirən Ömer Çelik bunu sərt şəkildə qınayıb: “Bu hücumu lənətləyirik. Ermənistan təcavüzkar siyasətini davam etdirir. Bu, bölgədə sülhə təhlükədir. Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü onu da vurğulayıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğan da bölgə ölkələri ilə qurulacaq əməkdaşlıq mexanizminin əhəmiyyətinə diqqət çəkib: “Prezidentimiz də dedi ki, Ermənistan təcavüzkarlıqdan imtina edərsə, bu mexanizmə daxil edilməlidir. Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır”.