Xətai mövzusu alimlər arasında böyük qalmaqala səbəb oldu

21 İyun 2013 14:13 (UTC+04:00)
Dilavər Əzimli: "Bildirsin ki, milləti ermənidir"

"Fars şovinstlərinin siyasi şiəliyi İslama qarşı yönəlib"

"Milli Kimlik Konsepsiyası"nın hazırlanması çərçivəsində keçirilən tədbirlərdə Şah İsmayıl Xətainin milli kimliyimizin formalaşmasında oynadığı rol ilə əlaqədar maraqlı fikirlər səslənir. Bu fikirləri tarixçilərlə müzakirəsini davam etdiririk.

Məsələ ilə bağlı bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, həmin dövrün araşdırmaçısı Dilavər Əzimlinin AzNews.az-a müsahibəsini təqdim edirik.

- Şah İsmayıl milli kimliyimizin formalaşmasında hansı rol oynayıb?

- Azərbaycan tarixşünaslığında mühüm əhəmiyyət kəsb edən dövrlərdən biri də orta əsrlər dövrüdür. Bu dövrün başlıca xarakterik xüsusiyyətlərindən biri də dünya xəritəsində Azərbaycan Səfəvi imperiyasının ortaya çıxmasıdır. Bu imperiya dövründə Azərbaycan coğrafiyası bütünləşdi. Məhz həmin imperiyanın hesabına bügünki Azərbaycan sərhədləri tanınmaqdadır. Biz buna görə həmin imperiyaya borcluyuq. Torpaqlarımız İraqdan başlayaraq, Xorasan və Şərqi Anadolunu əhatə etməklə Azərbaycan türk sistemində bütövləşdi, dövlətin rəsmi dili türk dili oldu. Onu yaradan tayfaların hamısı türk tayfaları idi. Bu imperiya dərin özüllər üzərində qurulub, güclü bir ideoloji sistemə əsaslanırdı. Məhz bu sistemin hesabına XV əsrin sonlarında Türk-Qızılbaşlıq doktrinası işə düşdü. Hərbiləşdirilmiş bu sistemin hesabına Azərbaycan Səfəvilər imperiyası yarandı. Qızılbaşlıq özü isə XVI əsrə qədər davam edən böyük bir sufi məktəbinin bazasında formalaşmışdı. Qızılbaşlıq türk tayfalarını bir araya gətirən və bu günün təbirincə desək, türk kimliyini ortaya qoyan bir sistemdir. Bundan əvvəl Azərbaycan ərazilərində yaranan dövlətlər tayfa ənənəsinə söykənərək, tayfa dövlətləri idilər. Məsələn, Qaraqoyunlu dövləti baharlı tayfasından, Ağqoyunlu dövləti bayandurilər tayfasından təşkil olunmuşdu. Səfəvilər isə Qızılbaşlıq ideologiyası ilə bütün türk tayfalarını bir araya gətirdilər. Beləliklə, XV və XVI yüzillərdə Qızılbaşlar ilk Səfəvilər olan, Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayıl tərəfdarları Türkmən boyları idi. Onlara "Qızılbaş" deyilirdi. Bu o zaman idi ki, Avropada hələ millət faktoru ilkin formalaşma dövrünü yaşayırdı. Səfəvilər dövlətinin yaranması yeni bir hadisə idi. Bu yerdə qardaş Türkiyənin orta əsrlər tarixi üzrə tədqiqatçılarından olan Faruk Sümərin sözlərini xatırlatmaq istəyirəm. O yazırdı ki, Səfəvi dövlətinin yaranması İslam və Türk tarixində gerçəkdən mühüm bir hadisədir. Bu hadisənin ən mühüm nəticəsi islam aləminin mərkəzində yeni bir aləmin meydana gəlmiş olmasıdır. Bu gün Türkmənistanı, Şərqi Anadolunu nəzərdən keçirsək, bu deyimin canlı şahidi olarıq. Çünki həmin ərazilərdə türklər indi də tayfa ənənələri şəraitində yaşayırlar. Amma Cənubi Azərbaycan daxil olmaqla ümumilikdə Azərbaycanda bu ənənələr yoxdur. Bu isə Səfəvilər dövründə ortaya qoyulan Qızılbaşlıq ideologiyasının nəticəsidir. Yəni, bu məsələ birbaşa Səfəvilərin xidmətidir. Ona görə də demək olar ki, Şah İsmayılın milli kimliyimizin formalaşmasında çox böyük rolu olub.

- İranda bu gün mövcud olan şiəliyin formalaşmasında Şah İsmayılın rolu varmı?

- İranın bugünki şiəliyi ilə orta əsrlərdəki şiəliyi eyniləşdirmək olmaz. Bugünki İran şiəliyi siyasi şiəlikdir və ingilis mətbəxində hazırlanaraq fars şovinistlərinə təqdim edilib. Bu gün fars şovinistlərinin əlindən Həzrəti Əlini alsaq, onda onlar atəşpərəstə çevriləcəklər. Fars şovinstlərinin siyasi şiəliyi İslama qarşı yönəlib. Eləcə də Səudiyyə Ərəbistanının vəhhabiliyi. Bu da ingilis mətbəxində hazırlanıb və İslama qarşı yönəlib. Türkiyədə olan sünnilik də yəhudi mətbəxində hazırlanıb. Buraya ingilis mətbəxində hazırlanan nurçuluğu da əlavə etmək lazımdır. Butün bunlar İslama qarşı yönəlib. Mən ümumiyyətlə sünni və şiə sözlərini qəbul etmirəm. Çünki sünni olmadan şiə olmaq mümkün deyil. Şiə olmadan da sünni ola bilməzsən. Sünnilik İslam peyğəmbərinin təbliğ etdiyi sünnələri qəbul etmək və əməl etməkdir. Onda ən böyük sünni elə Həzrəti Əlinin özüdür. Şiəlik də İslam peyğəmbərinin tərəfdarı olmaq deməkdir. Ən böyük şiə də elə Həzrəti Əlinin özüdür. Sadəcə olaraq, sünni və şiə sözü orta əsrlərdən başlayaraq avropalılarlın əlinə bir silah kimi düşüb. Doğrudan da bu terminlər altında düşmənçilik yarada biliblər. İslamda sünni və şiə yox, hüquq sistemini qəbul edirəm. Onların əksəriyyəti də cəfərilikdən qaynaqlanır və bu hüquq sistemləri İmam Cəfər Sadiqi özlərinin ustadı sayırlar. Buraya hənəfilik, şafilik, hənbəlilik və malikilik daxildir. Bunların arasında yalnız hüquqi cəhətdən müəyyən texniki ayrılıqlar var. Türk dünyasında həmişə cəfərilik, hənəfilik və şafilik olub. Bu üç məzhəb Əhli-beyti sevir və onu uca tutur. Ona görə də türk dünyasında sünni-şiə davası sala bilmirlər. Güntay Gəncalp kimilər də ondan-bundan pul-para alıb bu istiqamətdə iş aparırlar. Amma fayda verməyəcək. Ona görə ki, hər bir türkün qanında bir Əhli-beyt sevgisi var. Türkün Əhli-beytə sevgisi həm genetikdir, həm də haqqı müdafiə etməkdən irəli gəlir. Türkün yaratdığı Əli obrazı şəriətdəki Əlidən fərqlidir. Əli türkün həm də vaxtilə üz tutduğu tanrıçılığın yerdə təcəllasıdır. Türk həmişə haqqı müdafiə etdib. Onun Əhli-beytə sevgisi burdan qaynaqlanır. Şah İsmayılın söykəndiyi Əhli-beyt məsələsi idi. Buna görə də orta əsrlər üzrə bütün Avropa tədqiqatçıları bir fikirdə həmrəydirlər ki, Şah İsmayıl zamanındakı şiəlik "təsəvvüf" deməkdir. Təsəvvüf elə şiəlik idi. Yenə də deyirəm, bunu indiki İran siyasi şiəliyi ilə qarışdırmaq olmaq. Şiəlikdə üçlər, yeddilər, qırxlar varmı? Şah İsmayıl özünü Əlinin və Allahın təcəllası sayırdı. Bu necə şiəlikdir? Bu Tanrıçılıqdan gələn bir türkman sistemidir. Sonradan "şamanizm" deyiblər. Bu sufilikdir. Sufiliyə girmədən, təkyədə oturub onu öyrənmədən Şah İsmayılı başa düşmək mümkün deyil. Bəllidir ki, Səfəvi dövləti Zərdüştilik, Manilik və Məzdəkilik kimi dini inancların yarandığı ərazidə tarix səhnəsinə çıxmışdı. Buraya Xürrəmiliyi də əlavə etsək, onda situasiya daha da aydınlaşır. Tarixi tədqiqatlar sübut edir ki, zərdüştilik, manilik, məzdəkilik və xürrəmilik arasında bir zəncirvari əlaqə olub. Bu hərəkatlar həm eyni bir coğrafiyada yayılıb, həm də eyni məqsədlər uğrunda mübarizə aparıblar. Xürrəmilər VIII əsrlərin axırlarında meydana çıxaraq qırmızı geyinirdilər. Onların adları da ərəbcə "qırmızı geyinənlər" mənasını verir. IX əsrlərin əvvəllərində onlara Babək rəhbərlik edirdi. Orta əsrlər üzrə məşhur tədqiqatçı İ.P.Retruşevski D.S.Marqoliusa istinadən göstərir ki, məzdəkilərlə xürrəmilər arasında genetik qohumluqla bərabər, ideoloji varislik də var idi. Qiymətli mənbələrə istinad edən Petruşevski yazır ki, xürrəmilər hərəkatı yatırıldıqdan sonra yüz illərlə məzdəki-xürrəmi ideologiyası altında çıxışlar baş verib və bu çıxışlar hərbi toqquşmaya gətirib çıxarıb. Tədqiqaçı daha sonra yazır ki, xürrəmilər (məzdəkilər) haqqında ən son bilgilərə Fəzlullah ibn Ruzbixanın verdiyi məlumtalarda rast gəlinir. Səfəvilərə və qızılbaşlara düşmən münasibət bəsləyən bu tarixçi xürrəmilər haqqında məlumat versə də, bu barədə səfəvilərə yaxın mənbələr susub. Ruzbixanın sözlərinə görə, XV əsrin II yarısında qızılbaşlar arasında sosial bərabərlik barədə qədim Babəki ideyaları yayılmağa başlayır. Şeyx Heydər öz ardıcıllarına "ibahət" (şəriət tərəfindən qadağan olunanların qanuni sayılması barədə elm) və "Babəkin xürrəmiləri"nin qanunlarını öyrədirdi. Maraqlıdır ki, ilk vaxtlarda Səfəviləri Qaradağ və Talış əhalisi müdafiə edirlər. Bu o ərazilərdir ki, həmin ərazilərdə vaxtilə böyük xalq qəhrəmanı Babəkin rəhbərliyi altında xalq hərəkatı baş vermişdi.

Lakin XVI əsrdə xürrəmilər haqqında məlumatlar yoxa çıxır. Tədqiqatçılara görə, xürrəmilərin qalıqları sonradan qızılbaşların ideoloji sistemini qəbul edərək onların ən aktiv hissələrinə çevrilirlər.

Əslində, xürrəmilərin ideologiyası ilə qızılbaşların ideologiyası arasında təkcə yaxınlıq deyil, ümumiyyətlə bu ideologiyaların ən qədim zamanlardan türk sistemindən gəlməsiydi. Hər iki ideologiyanın kökündə Türk sistemi dayanırdı. Bəllidir ki, VIII əsrin sonu-IX əsrin əvvəllərindən Azərbaycanda güclü bir xalq-azadlıq hərəkatı başladı ki, bu da xalqımızın ictimai, iqtisadi və siyasi həyatında görkəmli rol oynadı. Bəllidir ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin son iyirmi ildən çoxu (816-837) daha qüvvətli olmuş və xilafətə ağır zərbələr dəyib. Bu dövrdə də mübarizəyə yüksək hərbi və siyasi bacarığı olan Babək başçılıq etdiyindən, onu qısaca olaraq "Babəkilər hərəkatı" adlandırırlar. Babəkilər hərəkatı Abbasilər xilafətinə həm iqtisadi, həm də siyasi cəhətdən elə bir ağır zərbə vurdu ki, xilafət bir daha dirşəlməyib məhvə doğru yönəldi. Abbasilər xilafəti Babəkilərə qarşı apardığı döyüşlərdə yarım milyonluq əsgəri qüvvə itirmişdi ki, bu da qədim dünya və orta əsrlər tarixində yeganə hadisələrdəndir. Tarixdən bizə aydındır ki, ümumiyyətlə, xilafət yarandığı ildən ta süqutuna qədər hər hansı bir müharibədə, hətta böyük imperiyalarla, o cümlədən Sasanilər və Bizansla müharibələrdə bu qədər itki verməmişdi.

Təbii ki, bu cür mübarizənin güclü bir ideoloji sistemi olmalydı. Xürrəmiliklə bağlı aparılan son tədqiqatlar sübut edir ki, bu tənasüxə, hülula və donbadona əsaslanan bir sufi təlimi idi. Bu təlimi qızılbaşlıqla əlaqələndirən bu faktorlardan əlavə, onun həm də hərbi təlim olmasıdır. Daha doğrusu, onun qızılbaşlar tərəfindən məhrəm qəbul edilməsində bu faktorun rolu az deyildi. Elə hürufiliyə qızılbaşların məhrəm münasibət bəsləməsində digər bu kimi faktorlar olduğu kimi, hərbi faktor da ciddi rol oynamışdı. Çünki qızılbaşlıq hərbi-siyasi-dini doktrina kimi səhnəyə çıxmışdı. Hər bir qızılbaş həm də nəhəng bir döyüşçü idi. Qızılbaşlar mürşidələrinin uğrunda ölməyi müqəddəs bir vəzifə sayırdılar. Çünki əmin idilər ki, onların mürşidində Allahın, Əhli-beytin təcəllası baş verir. Beləliklə, Şeyx Heydər zamanında "Səfəviyyə" təriqətinin inkişafının nəticəsi olaraq "Qızılbaşlıq" səhnəyə çıxır. "Qızılbaşlıq" kəlməsinə özünün "Çağımızda İtikadı İslam mezhebleri" kitabında toxunan Ethem Ruhi Fiğalı yazır ki, bu gün xalq arasında bu kəlmə haqqında yanlış fikirlər vardır. Onun fkrincə, türk boyları arasında Qaraqalpaq, Qızılbörk, Qızılbaş, Qarabörk, Yaşılbaş, Ağbaş və buna bənzər bir çox isimlərə rast gəlinir. Müəllif göstərir ki, vaxtilə Altay şamanları da başlarına qırmızı papaq qoyardılar. Bu adət-ənənə türklər İslamı qəbul etdikdən sonra da aradan qalxmayaraq davam edib. Sonradan bu ənənəyə Şaman ənənəsi kimi baxmamış və bu ənənəni İslami mənşə ilə bağlamağa çalışmışlar. Belə olan halda "Səfəviyyə" təriqətinin ardıcıllarının "qızılbaş" adlandırılması da aydınlaşır. Qızılbaşlıq üzrə tədqiqat aparanların fikrincə, "Qızılbaşlıq" həm də etnik bir kimlikdir. Bu sahə üzrə məşhur mütəxəssis İren Melikova yazır: "Səfəvilərin dünyagörüşləri ən qədim türk dünyagörüşlərini əks etdirir. Tanırının insanda təcəlla məsələsi, donbadon inancı Şamanizmdə, Türkmən boylarının döyüşçü tayfalarında da mövcud olmuşdur. Qızılbaşlıq həm inanc baxımından, həm də siyasi baxımdan bu faktorları özündə əks etdirmişdir". İbn Ruzbixan yazır ki, Şeyx Heydər yaşıl paltar geyib, başına qırmızı papaq qoyub hər tərəfə öz qılıncı ilə zərbələr endirməyə başladı (6, 87). İbn Ruzbixanın verdiyi bu məlumat ciddi tədqiqat obyekti olmayaraq sanki nəzərdən qaçıb. Şeyx Heydərin bu hərəkətləri qədim türk inanclarını sübut etmirmi? Bu Göytürkə işarə deyilmi? Məlumdur ki, türk tayfaları İslam dinini mənimsəyərkən, böyük ölçüdə əski inanclarını və adət-ənənələrini də mühafizə etməkdəydilər. Əslində, İslam türk tayfaları arasında yayılarkən türk xalq islamına çevrilirdi. Məsələn, Orta Asiyada bu mənada xalq İslamında əski ozanlar kimi xalq arasında dolaşan ata, baba ünvanlı və zamanında əfsanəvi nüfuz qazanmış şəxsiyyətlərin böyük rolu vardı. Bunların içərisində ən məşhuru əski adıyla Yesi (bugünki Türkistan) kəndində yaşamış olan Əhməd Yəsəvidir (ölüm tarixi 1166). Əhməd Yəsəvi yaratdığı Yəsəvilik təriqəti ilə qədim türk duyğu, düşüncə və ənənələrini özündə əks etdirən yeni bir İslam düşüncəsini yaradıb. Yəsəvilik ilk türk təriqətlərindən biri sayılır. Bunun ardınca XIV yüzillikdən etibarən özəlliklə fəth fəaliyyətinə qatılan qazilər arasında yayılmış olan digər türk təriqəti olan Bəktaşilik fəthlər yolu ilə Balkanalara da yayılıb və Qərbi Anadolundan Balkanalara qədər xalqların müsəlmanlaşmasında, Osmanlı idarəçilyinin qəbul edilməsində böyük rol oynayıblar.

Bəktaşi-Qızılbaş ənənələri bir-birinə çox yaxındır. Bəzi tədqiqatçılar Qızılbaşlığı çöl-kənd sufilərinin, Bəktaşiliyi isə şəhər sufilərinin təriqəti adlandırırlar. Məsələyə bu konteksdən yanaşsaq, doğrudan da Qızılbaşlıq daha radikaldır və daha çox hərbiləşmiş bir sistemdir. Bu münasibəti biz yenə də İbn Ruzbixanda görürük. "Qızılbaşlığ"ın yaradıcısı Şeyx Heydərdən danışarkən müəllif onu igid bir sərkərdə kimi təqdim edir: "Həddindən artıq cəlddir, silahları ustalıqla işlədir və özü də silah qayramığı bacarır. Bir neçə min silah hazırlayıb".

Şah İsmayıl zamanında bir inanc axını olan "Qızılbaşlıq" Anadoluda da geniş yayıldı. Anadoluda bu Bəktaşilk və Ələvilik adı altında özünü göstərdi. Bütün bunlar isə Qızılbaşlığın bir türk inanc sistemi olmasının təzahurüdür. Sonda qeyd edim ki, Əhli-beyt sevgisi məşhur Çingiz xanda da var idi. Əhməd Zəki Vəlidi Toğan yazır ki, o, seyidlərə çox hörmət edərdi.

Əhli-beytə qarşı olanları incidərdi. Bəlkə o da şiə idi? Yaxud Hülakülər. Onlar da bu yolu getdilər. Qazan xan İslamı qəbul etdi, həm də şiə oldu. Bəlkə ona da bugünki İran şiəliyi prizmasından yanaşaq? O, da Əhli-beyti sevirdi. Əmir Teymur Dəməşqi (o zaman Şam şəhəri deyilirdi) ona görə darmadağın etdi ki, Yezid lənətullah İmam Hüseyni (ə) qətlə yetirmişdi. Gəldi durdu İmam Hüseynin (ə) 9 yaşlı qızı Həzrəti Səkinənin (ə) qəbri üstündə və dedi: "Nəvən Teymur gəlib qisasını almağa". Bəlkə Əmir Teymur da indiki İran siyası şiəsi olub, axı o, özü sünni idi. Sultan Səlim özü xəlvəti idi. Hər gün Həzrəti Əliyə dualar oxuyur, onu köməyə çağırırdı.

Ümumiyyətlə, Osmanlı sultanlarının əksəriyyəti sufi idi. Bəlkə də 17-yə yaxını isə təriqət rəhbəri səviyyəsindəydi. Bu gün cahil Güntaylar başa düşmür ki, Türk sistemində bir Əhli-beyt sevgisi var. Türk İslamı ərəb, fars islamı deyil. Getsin ETTELAT-ın sifarışlərini yerinə yetirməklə məşğul olsun. Demək lazımdır ki, sənə Azərbaycanın çörəyi haram olsun! Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı olmasaydı, təhsil ala bilməyəcəkdin. Getdin Asif ataçı oldun. Adın Mənuçöhr Cavanşir idi. Adını Asif Ata Güntay qoydu. Sonra onu təhqir etdin. Elçibəyə qarşı çıxdın. Güntayın davranışları göstərir ki, normal insan deyil. Normal olsaydı yazmazdı ki, "Tarixdə ilk dəfə soyqırımı Şah İsmayıl törədib". Bu adam ermənilərin dəyirmanına su tökür. Ağılsız hərəkətlərinə son qoysun, ya da bildirsin ki, milləti ermənidir.

- Məzhəb ayrılığına qarşı Şah İsmayıl konkret addımlar atıbmı?

- Şiəlik Şah İsmayıla qədər artıq yayılmışdı. Bunun üçün də gərək İslam tarixini əməlli-başlı öyrənəsən. Güntay Allahsız bir adamdır. Mən isə Allaha inanan adamam. Məsələ ondadır ki, istər Əməvilər, istərsə də Abbasilər sülalərinin hakimiyyətləri dövründə Əhli-beyt tərəfdarları təqib olunurdu. Əhli-beytə lənətlər oxunurdu. Bilirsiz, orta əsrlərdə istər Qərbdə, istərsə də Şərqdə bütün münasibətlər dini müstəvidə gedirdi. Yalnız Şah İsmayıl dövründən başlayaraq Türkçülük rəsmi status aldı. Demirəm ki, türkçülük yox idi, vardı. Amma rəsmi statusu Şah İsmayıl zamanında aldı. Söhbət Türk dilində danışmaqdan deyil, həm də yazmaqdan gedir. Abbasilər Əməviləri yıxmaq üçün Əhli-beyt üsulundan məharətlə istifadə etdilər.

Əməvilər dövründə İslamın coğrafiyası genişləndi. Əvvəllər Ərəblər üsütünlük təşkil edirdisə, indi digər xalqların sayı artdı. Əməvilərin zülmü artdıqca onlara qarşı üsyanlar baş verdi. Bu üsyanlarda türklər, farslar, elə ərəblərin bir hissəsi də üstünlük təşkil edirdilər. Onları bir bayraq altına Əhli-beyt sevgisi yığmışdı. Onlar düşünürdülər ki, bu zamana qədər Əhli-beyt tərəfdarları hakimiyyətdə olmayıblar, ona görə də zülm artıb, aclıq hər yeri bürüyüb. Yeganə çıxış yolu kimi şiəliyi, yəni Əhli-beyt əqrabalarının hakimiyyətdə təmsil olunmasını görürdülər.

Abbasiləin hakimiyyətə gəlməsində bi amil ciddi rol oynadı. Əsas inqilabi mərkəz Xorasan idi. Özü əslən türk olan Əbu-Müslim Xorasani olmasaydı Abbasilər hakimiyyətə gələ bilməyəcəkdi. Abbasilər hakimiyyətə gələndən sonra vədlərini unutdular. Bir çox adlı-sanlı, əslən türk olan sərkərdələr, o cümlədən Əbu-Müslim məhv edildi. Bu zamandan başlayaraq onlara qarşı kəndli-şəhərli üsyanları baş verdi. Bu usyanlar şiəlik-Əhli-beyt tərəfdarları adı altında baş verirdi. Ən böyük üsyan Xürrəmilər üsyanı idi ki, şiələr və Əhli-beyt tərəfdarları da təmsil olunurdular. Sonradan bu üsyanların bazasında sufi məktəbləri formalaşdı. İlk türk sufi məktəbi Yəsəviçilik, Səfəviyyə həyata vəsiqə alıdı. Bunları sadalamaqda məqsədim odur ki, Şah İsmayıla qədər İslam aləmi bütöv deyildi. Şah İsmayıl da Əhli-beyt sevgisində hakimiyyətə gəldi. O gələndən sonra Əhli-beyt tərəfdarları olan alimlərin, fiqhçilərin kitabları ortaya çıxdı. Buna görə də Şah İsmayıla bugünkü İran siyası şiəliyindən baxmayın. Şah İsmayıl sufi idi. O necə şiə mollası idi ki, saçları boynuna tökülmüşdü, uzun bığları var idi, saqqalı yox idi, əlində də sazı? O, təriqət piri idi. Mərifət mərhələsunə ucalmışdı. Bunu Güntay kimi allahsızlar başa düşməz. Sizə bir söz deyim. Mən özüm də sufi təbiətliyəm. Təkyələrdə də olmuşam. Daha çox Şərqi Anadolu təkyələrində... Təkyədə olmayan Şah İsmayılı başa düşməz. Sufilk sekulyar dəyərlərə əsaslanan bir sistemdir. Allahsız Güntay hardan bilsin ki, sifilik nədir?

- Şah İsmayılın dövründə türkcədən rəsmi dil kimi istifadə olunması ilə bağlı konkret qərar, nümunə varmı?

- Bilirsiz, o zaman belə bir şey yox idi ki, dil ilə bağlı qərar verilsin. Məsələ ondadır ki, sarayın rəsmi dili türkcə idi. Səfəvilərin süqutuna qədər də rəsmi dil kimi işləndi. Hətta Moskva dövlətinin çarları Səfəvi şahlarına türkcə məktublar yazırdılar. Şah özü türkcə yazırdı. Farsları aşağılamaq üçün onlara "tacik" deyilirdi. Fars şairləri bazarda çalışırdılar. Məclisi-şüara yalnız türkcə yazan şairlərdən ibarət idi. Türk dili ordu dili idi. Sona qədər də qaldı. Səfəvi şahzadələrinə türk tarixi İslam tarixi ilə birgə öyrədilirdi. Venesiya səyyahları da türkcə danışırdılar.

- Şah İsmayılın Bakını ələ keçirən zaman, o cümlədən rəqiblərini məğlub etdikdən sonra həm əsgərlərə, həm də yerli camaata qarşı amansız davranması haqqında söylənən fikirlər həqiqətə söykənirmi?

- Şah Xətai özünü Həzrəti Əli(ə)yə bənzədirdi. Özünü onun təcəllası sayırdı. Belə bir adam insan qırdırardımı? Sadəcə olaraq Səfəvilər ortaya Azərbaycan dövləti qurmağı qoymuşdular. Bu, Şeyx Səfiəddin zamanında qəbul edilmişdi və yalnız xəlifələrə bildirilirdi. Ancaq Şeyx Cüneyd zamanında müridlərə bəyan edildi. Bu yolda təbii ki, qan tökmək lazım idi. Elə-belə baş verə bilməzdi. Bütün mərkəzləşmiş dövlətlər bu yolu keçib. Qanlar tökülüb. Heç kəs mövqeyindən çəkilmək istəmir. Ona görə qılınc işləməliydi. İşlədi də və Azərbaycan dövlətini ortaya qoydu. Qan yalnız döyüşlərdə tökülürdü. Bu da təbiidir.

- Səfəvi tarixçisi İskəkəndər bəy Türkmənin "Dünyanı bəzəyən Abbasi tarixi" adlı kitabını mənbə kimi göstərib Şah İsmayıla nifrət aşılamaq nə dərəcədə düzgündür?

- "Abbasın dünyanı bəzəyən tarixi" AMEA-nın Tarix İnstitutunda tərcümə olunub. Güntay kimi savadsızlardan qabaq biz onun üzərində işləmişik. Çox qiymətli mənbədir. Amma bu mənbələrə əl gəzdirilib. Bu əl Güntayın himayədarları-farslar tərəfindən gəzdirilib. Azərbaycan Əlyazmalar İnstititunda daş basma üsulu ilə yazılmış bu mənbənin əlyazması saxlanılır. XVII əsrə aiddir. İranda bir neçə il bundan qabaq bu mənbə yenidən nəşr olundu. XVII əsrlə indikini müqayisə etdik. 200-dən artiq yeniliklər əlavə olunub. Bunu İran dövləti əlavə edib. Ona görə də tarixçi mənbəyə də ehtiyatlı yanaşmalıdir. Mən Güntayı qınamıram. O, tarixçi deyil. Tarixçi olsa elə danışmazdı. Çünki mənbə ilə tədqiqat aparan şəxs mənbənin aid olduğu xalqın etnoqrafiyasını, mədəniyyətini, adət-ənənəsini güclü bilməlidir. Bundan əlavə mənbəni yazanın kimliyini tədqiq etməlidir. İskəndər bəy Münşi Səfəvilərin saray tarixçisi olmuşdu. Səfəvilərə böyük məhəbbəti vardı. O, necə yaza bilər ki, qızılbaşlar adam əti yeyirlər. Güntayı başa salmaq lazımdır ki, mənbədə yazılan "ətini yedilər" məcazi mənadadır. Çünki İraqda ağır döyüşlər getdi. Qızılbaşları orada çox amansız şəkildə qırırdılar. Ona görə də oranın əmiri əllərinə düşən kimi tikə-tikə doğradılar. İskəndər bəy də məcazi mənada yazıb ki, "ətini yedilər". Bu da İskəndər bəyin nifrətindən irəli gəlirdi. Düzdü, türklərin tarixində - şamanizmdə kiminsə ətini yemək olub. Ancaq Güntay kimilərin yox. Qüdrətli sərkərdənin ətini, ürəyini yeyirdilər. Bu, döyüş zamanı olurdu. Şamanizmə görə həmin şəxsin ətini yedikdə onun cəsarət dolu ruhu yeyən adamın bədəninə girirdi. Amma Şah Xətai dövründə belə şeylər olmayıb. Düzdü, onun zamanında bir qoşun dəstəsi var idi ki, "adam əti yeyənlər" deyirdilər. Bu məcazi ad idi. İndiki Azərbaycanda da belə hərbi dəstələr var. Məsələn, vəhşi diviziya. Onlar yalnız öldürmək üçün yetişdirilirlər. Əgər Güntay Sovet Ordusunda xidmət etsəydi bunları bilərdi. Mən keşmiş SSRİ-nin Uzaq Şərq vilayətində sərhəd xidmətində qulluq etmişəm. Orada bu cür bir neçə diviziya var idi. Hamısı da uşaq evində böyümüş uşaqlar idi. Bir də Güntaya məsləhət görərdim ki, mənbəni oxuyanda çaşmasın. Onu İnternetə biz qoymuşuq. Nə yazıldığını ondan yaxşı bilirik.


Elnur Eltürk
AzNews.az