Elçibəyi ölüm ayağında aşağılayanlar oğlunu toy ərəfəsində linç etdirir

27 İyul 2021 23:50 (UTC+04:00)

Hər kəsə məlum olan faktdır: Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olub.

Elçibəyin rəhbərlik etdiyi hakimiyyəti çox şeydə tənqid etmək, qınamaq, suçlamaq olar.

Səriştəsizlikdə, bacarıqsızlıqda, uğursuzluqda, görməmişlikdə, özbaşınalıqda, komanda mədəniyyəti və vərdişinin olmamasında, Azərbaycanın köklü problemlərinə səthi və macəraçı yanaşmalarda ittiham etmək mümkündür Elçibəyin birillik iqtidarını.

Amma bir neçə məsələ var ki, iqtidarlı-müxalifətli hər kəs tərəfindən qəbul olunan gerçəklikdir.

Birincisi, Əbülfəz Elçibəyin MİLLİ DAVA adamlığı;

İkincisi, eks prezidentin dünya malında gözü olmayan, gözü-könlü tox, təmiz və əxlaqlı bir şəxsiyyət olması;

Üçüncüsü, Bəyin insanlara bəslədiyi umacaqsız sevgi.

Çox illər öncə Əbülfəz bəylə bağlı çox maraqlı bir yazı oxumuşdum.

Sən demə, Elçibəyin övladları Çilənay və Ərturqutla birgə xüsusi şəkli yox imiş.

Uşaqları ilə çəkilən yeganə şəkildə üçüncü bir şəxs, başqa bir cocuq da varmış.

Müəllif yazmışdı ki, bu, Elçibəyin taleyidir, öz doğma balalarına sevgisini belə millətlə bölüşüb.

Ən böyük tilsimi sevgi olan Əbülfəz Elçibəyin oğlunun bu günlərdə toyu olacaq.

Bildiyim qədər ata yurdundan- Kələkidən evlənir, media nümayəndələrinin də yaxşı adam kimi tanıdığı Mirhadi kişinin qızını alır.

Allah xoşbəxt etsin, yarıyanlardan etsin, oğulu-qızlı etsin!

Bu xalqın min illərin sınağından keçmiş adət-ənənəsi, əxlaq normaları, tabuları var.

Ailə quran gənclərə xoşbəxtlik arzulayar, insanların şad günlərində, əlamətdar günlərində ortalığa soğan doğramazlar.

Bir neçə gündür ki, Ərturqutun toy mərasimi ilə bağlı mərhum atasının “silahdaşları” mərəkə qoparırlar.

Nədəni də budur ki, Elçibəyin oğlu “cəbhəçi”ləri toya dəvət etməyəcəyini söyləyib.

Ataların məşhur sözü var, deyir, çağırılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə.

Bir insan evilənir, ailə başçısı olur, sabah, biri gün oğul-uşaq sahibi olacaq, bizi toya niyə çağırmayıb deyə, adamı linç etmək, təhqir etmək, aşağılamaq nə demək?

Harada görünüb ki, adam özünü toya linçlə çağırtdırsın?

Gənc öz toyunda ailəsini, yaxın qohumlarını, dostlarını, tələbə yoldaşlarını, işlədiyi kollektivin nümayəndələrini görmək istəyir. Bu, onun seçimidir və doğrusu, hər kəsin anlayışla qarşılaya biləcəyi bir seçimdir.

Xüsusən də ona görə ki, ölkədə COVİD-19 pandemiyası ilə bağlı xeyir-şər məclislərinin keçirilməsinə məhdudiyyətlər var.

Atasından milyonlar qalmayib, anası rəhmətə gedib. Öz yükünü özü çəkən, toy tədarükünü özü görən bir cavandır Ərturqut.

Siyasi bir məclis qurmaq istəmir.

Bildiyim qədər, Azərbaycanın ictimai-siyasi həyatından cəmi iki yüksək vəzifəli şəxs toya dəvət olunub. Biri Ərturqutun işlədiyi kollektivin rəhbəri- Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, digəri anasının dəfn mərasimində ailəni Mehriban xanım Əliyevanın tapşırığı ilə diqqətdə saxlamış yüksək ranqlı bir fiqurdur.

Görünür, “cəbhəçilər”ə yer edən də budur.

Belə görünür, Ərturqutun toyunda iştirak etmək, bəylə gəlini təbrik etmək deyil heç niyyətləri, həmişə olduğu kimi, şəkil çəkdirmək, Elçibəyin siyasi mirasını qamarlamaq istəyirlər.

Amma heç düşündünüzmü, nədən Ərturqut atasının yüz yerə bölünmüş partiyasından kimsəni görmək istəmir öz yanında ən şad günündə?

Bəlkə ona görə ki, Elçibəyə iqtidarda da, müxalifətdə də xəyanət edibsiniz, üzdə “lider” dediyiniz kişiyə arxadan xəncər vurmusunuz?

Bəlkə ona görə ki, ölüm ayağındakı Elçibəyi qəzetlərinizdə təhqir etdirmisiniz, ən xəstə halında Ali Məclisin iclasına gətizdirib üzünün şişməsini ələ salmısınız?

Dünən Elçibəyi ölüm ayağında təhqir etdirənlər bu gün onun oğlunu toy ərəfəsində linç etdirir...

Ayıb deyilmi?

Kimdir bu “cəbhəçi”lər ki, Elçibəyin ailəsini, şəcərəsini, oğlunu, qızını, gəlinini, toyunu-büsatını təftiş edə?!.

Həm də söyüşlə, küçə sözləri ilə...

Bu nə tərbiyəsizlik, əxlaqsızlıq, rəzillikdir belə?

21 ildir ki, AXCP-nin ilk sədri yoxdur həyatda, “mübarizənin önündə” Əli Kərimlidir, niyə iqtidarın 5 kilometrliyinə belə yaxınlaşa bilmir?

Demirdiniz ki, Elçibəy kötük kimi dayanıb Əli bəyin hakimiyyətə gələn yolunun üstündə?..

İndi Əli Kərimli Elçibəydən “daha qətiyyətli” elan olunur.

Sən demə Elçibəyin nəslindən bir normal adam, mübariz çıxmayıbmış...

Elçibəyin arzusu Azərbaycanın dövlət müstəqilliyinin qorunması idi.

İlham Əliyev qorudu, qoruyur və qoruyacaq bu müstəqilliyi.

Elçibəyin amalı Azərbaycanın Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan qovulması idi.

İlham Əliyev azad etdi Qarabağı!

Elçibəyin hədəfi Bütöv Azərbaycan idi.

İnşəAllah onu da İlham Əliyevin liderliyi ilə gerçəkləşdirəcəyik.

Elçibəy də daxil olmaqla Azərbaycanın tarixdəki bütün milli və ideoloji şəxsiyyətlərinin hədəflərini İlham Əiyevdir bircə-bircə gerçəkləşdirən.

Tanrı milli davaya könül vermiş bütün gənclərimizi məsud etsin!

Taleh ŞAHSUVARLI