Vaksinlər "Delta" ştammına qarşı effektiv deyil? - AÇIQLAMA

28 İyul 2021 13:10 (UTC+04:00)

Amerikalı həkimlər koronavirusa qarşı istehsal edilmiş peyvəndlərin "Delta" ştammına qarşı təsirsiz olduğunu etiraf ediblər və bildiriblər ki, peyvənd olunmuş insanlar "Delta"ya yoluxa bilərlər.

Bu sözləri Xəstəliklərə nəzarət və onun profilaktikası üzrə ABŞ Federal Mərkəzinin rəhbəri Roşel Valenski jurnalistlər qarşısında çıxış edərkən deyib.

Valenskinin sözlərinə görə, peyvəndin iki dozasını da alan insanlar bu tip koronavirusun daşıyıcısı ola bilərlər.

"Yeni elmi sübutlar "Delta" mutasiyasının əvvəlki infeksiyalardan çox fərqli davrandığını təsdiq edib", - bioloq deyib.

O bildirib ki, "Delta"ya hər iki doza peyvənd olunmuş insanların yoluxduğu hallar aşkar edilib.

Qeyd edək ki, Valenski bu vəziyyətin ciddi narahatlıq doğurduğunu əlavə edib və insanları sanitariya qaydalarına düzgün əməl etməyə, tibbi maska taxmağa çağırıb.

Maraqlıdır, vaksinlər “Delta” ştammına qarşı effektsizdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, bizdə də bu mövzu ətrafında araşdırma aparılır:

“Həmin araşdırmalara görə, “Pfizer” vaksini “Delta” ştammına görə kifayət qədər effektivdir. Amerikalı həkimlərin araşdırmasının nə dərəcədə dəqiq olduğunu bilmirəm. Açığı o araşdırmaya da inanmıram. Çünki aşağı-yuxarı bütün vaksinlər “Delta” ştammına görə effektivdir. “Delta” ştammı yeni bir virus deyil, o da koronavirusdur. Sadəcə, orada mutasiya olub və yeni variant əmələ gəlib.

Bütün vaksinlər orijinaldan 3-5 % fərqlə effektivdir. Lakin Amerikalı həkimlərin araşdırmasının obyektivliyinə inanmıram. Dəqiqləşdirmək lazımdır ki, o araşdırma harada, necə aparılıb”.