Yay istilərindən necə qorunaq?

21 İyun 2013 18:01 (UTC+04:00)
İsti hava iş qabiliyyətini aşağı salır, yaddaş və diqqəti zəiflədir


İstilərin başlaması ilə insanlarda iş qabiliyyəti aşağı düşür, səhhəti ilə bağlı problemlər artır, yorğunluq, halsızlıq özünü göstərməyə başlayır. Mütəxəssislərin fikrincə, bu, əksər vaxt insanlar isti havada düzgün davranış qayadalarını bilmədiyi, düzgün qidalanmadığı, az maye qəbul etdiyi, spirtli içki və siqaret kimi zərərli vərdişlərə meyl etdiyi üçün baş verir.

Qeyd edək ki, adi havada insan tərlə bir litrə yaxın maye itirirsə, isti havada daha çox maye itirməyə başlayır. Bu səbəbdən də yayda çox su içmək lazımdır. Terapevt Gülnarə Əhmədovanın sözlərinə görə, maye qəbul edərkən insanın yaşı, dərisi və başqa fizioloji amilləri də nəzərə alınmalıdır. Məsələn, yaşlıların və uşaqların dərisi suyu daha çox buxarlandırdığı üçün digərlərinə nisbətən daha çox su içməlidirlər.

G.Əhmədova qeyd edib ki, susuzluq hissi özünü dərhal büruzə vermir. Orqanizm suya ehtiyac duyduqda birinci növbədə beyin siqnal verməyə başlayır. Nəticədə susuzluqdan əziyyət çəkən orqanizm bədənin normal hərarətini saxlamaq üçün daha çox güc tətbiq etməyə başlayır ki, bu da insanın özünü yorğun və əzgin hiss etməsinə gətirib çıxarır.

"Susuzluq insanın səbəbsiz yerə həyəcanlanmasına, əsəbləşməsinə də səbəb olur. Lakin bu zaman bir-iki stəkan adi su içmək kifayət edir ki, insan özünü yenidən enerjili və təravətli hiss etsin. İnsan çox az su içəndə, susuzluq hissini özündə boğanda, nə qədər qəribə olsa da, depressiyaya düşür. Bu, ona görə baş verir ki, orqanizm ehtiyacı olan mayeni qəbul etməyəndə amin turşularını istfadə etməyə başlayır ki, bunun da azlığı insanın kədərlənməsinə, sarsılmasına səbəb olur", - deyən həmsöhbətimizin sözlərinə görə, su az içən insan özünü ağır, əzgin hiss edir, başı ağrıyır, yuxusu narahat olur. İsti havada lazımi qədər maye qəbul etmədikdə yaddaş və diqqət zəifləyir. İnsan susuz qaldıqca beyin yeni informasiyaları çox çətin qəbul etməyə başlayır. İş qabiliyyəti aşağı düşür, tədricən insan passivləşərək, adətən bunun nə üçün baş verdiyini də anlamır.

Terapevt bildirib ki, isti havada çox maye qəbul etməklə yanaşı, onları düzgün seçmək də vacibdir: "Yaxşı olar ki, isti havalarda adi sudan istifadə edilsin. Belə ki, qazlı və şirin sulara nisbətən adi su susuzluq hissini yaxşı yatırır. İtburnu dəmləməsi də içmək olar. Belə ki, bu içki insana sərinlik gətirir və sağlamlıq üçün də xeyirlidir. Qazlı su isə susuzluq hissini daha artırır. Susuzluğu yatırmaq üçün limon əlavə olunmuş su, açıq dəmlənmiş çay, ayrandan istifadə etmək də məsləhətdir. Lakin maye qəbul edərkən ehtiyatlı olmaq və çox soyuq sular içməmək lazımdır. Belə ki, çox soyuq içkilər tər vəzilərini daha çox işə salaraq, orqanizmin susuzlaşdırılmasını sürətləndirir", - deyən həkim içilən mayeni soyuducuda saxlamamağı məsləhət görür. Dediyinə görə, isti hava ilə mübarizədə isti çay da yaxşı nəticə verir. İsti çay dərhal insanı tərlədərək sərinlik gətirir. "Spirtli içkilər, kofe və kakao isə orqanizmin daha çox maye itirməsinə səbəb olur. Bu səbəbdən də isti havalarda bu içkiləri içmək məsləhət deyil. Bu içkilər ürəyə də pis təsir etdiyi üçün xüsusilə isti havalarda zərərli içkilər hesab olunurlar".

Ümumiyyətlə, yayda 3 litr su içmək məsləhətdir. Lakin həddindən çox maye qəbulu da insana ziyandır. Maye qəbul edərkən səhər vaxtı daha çox su içmək, sonradan isə günün sonuna qədər az-az su içmək məsləhətdir. Qızmar havada günün çox hissəsini açıq havada keçirənlər maye qəbuluna fikir verməlidirlər. Onlar hər saat bir stəkan maye qəbul etməlidirlər. Bağlı yerlərdə gün düşmədiyi, həm də çox vaxt kondisioner və ya ventilyator qoşulduğu üçün mayeyə o qədər də ehtiyac qalmır.

Yayda kondisioner və ventilyatordan da istifadə edərək istidən qorunmaq olar. Lakin həkim bildirir ki, bütün günü kondisionerin işləməsi insanın sətəlcəm olmasına, soyuqlamasına gətirib çıxara bilər. Kondisioner həm də orqanizmin istiyə adaptasiya olmasını çətinləşdirir. Xüsusilə də, gecə kondisioneri qoşub yatan adamlar xəstələnirlər. Yaxşı olar ki, bunun əvəzinə tez-tez otağın havası dəyişdirilsin. "Otağın havasını dəyişmək üçün ən münasib vaxt səhər saat 9-dan 11-ə qədərdir, axşam tərəfi isə saaat 4-dən 6-ya qədər. Küçədə hədsiz dərəcədə istilər olanda isə pəncərələri xüsusi kağızlarla örtdükdə ev sərin qalır".

Qızmar havalardan qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Yayda tərkibində çoxlu maye olan meyvə və tərəvəz yeyəndə də insan özünü enerjili və təravətli hiss edir. Misal üçün, xiyar, pomidor, qarpız yeyəndə orqanizm xeyli maye və vitamin qəbul edir. Banan, ağ və yaşıl rəngdə olan meyvə və tərəvəzlər də insana sərinlik gətirir. Lakin isti havada axşam vaxtı ət və başqa ağır yeməklər yemək məsləhət deyil.

İstidə sərinləşmək üçün duş qəbul etməyin də xeyri olur. Lakin duş qəbul edərkən nəzərə almaq lazımdır ki, su isti olsun. İsti suda çimdikdən sonra insan hətta üşüməyə də başlayır. İnsan isti duşdan çıxandan sonra hava ona əvvəlkinə nisbətən soyuq gəlir. Çobanyastığı dəmləməsi ilə yaxalanmaq da insana sərinlik gətirir. Yayda özünü gümrah hiss etmək üçün həkim geyim tərzinə də fikir verməyi məsləhət görür: "Təbii parça və materiallardan hazırlanan geyimdə insan özünü daha rahat və gümrah hiss edir. Çalışmaq lazımdır ki, isti havalarda tünd rənglərdən istifadə etməyəsiniz. Qara və çox tünd rənglər günəş şüalarını özünə çəkir və belə geyimlərdə günün altında insana çox isti olur. Bu səbəbdən də açıq rənglərdən, xüsusilə də ağ rəngdən istifadə etmək məsləhətdir. Ağ günəş şüalarını əks etdirdiyi üçün insan özünü daha rahat hiss edir. İsit havada açıq havada gəzərkən çətirdən və ya baş örtüklərindən də istifadə etmək, özünü yelpiklə yelləmək də məsləhətdir".//ekspress.az//

AzNews.az