Əcnəbilər orta hesabla 11 dəfə daha çox maaş alır

21 İyun 2013 15:23 (UTC+04:00)
Azərbaycanda çalışan əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksəkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin nəticələrinə əsasən, Azərbaycanda işləyən 6 918 nəfər xarici ölkə vətəndaşlarının orta aylıq əmək haqqı 4 518 manat təşkil edib. Qeyd edək ki, ötən ilin yekunlarına görə, ölkə üzrə ümumi orta aylıq əmək haqqı 396 manat olub. Başqa sözlə, əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıqdır.

Keçən il xaricilərin əmək haqqı 21% artıb. Həmin dövrdə ölkə üzrə orta aylıq əmək haqqı isə 8,7% yüksəlib. Ölkədə çalışan xaricilərin 113-ü dövlət, 6 805-i qeyri-dövlət sektorunda çalışır.

Dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 1 537,5 manat (dövlət sektorunda ölkə üzrə ümumi göstəricidən 4,8 dəfə artıq), qeyri-dövlət sektorunda çalışanların əmək haqqı 4 567,7 manat (9,2 dəfə artıq) təşkil edir.

AzNews.az