Elşad Hacıyev: "Bu ifadə özü siyasi layihədir"

29 İyul 2021 21:39 (UTC+04:00)

İyulun 29-da bir qrup feminist fəalı Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar son günlər ərzində 5 qadın qətlinə etiraz ediblər.

Fəallar hesab edirlər ki, həmin qadınların ölümündə güc strukturlarının da günahı var. "Qadınların qətlləri siyasidir. Zorakılıq ilə üzləşib hüquq-mühafizə orqanlarına müraciət edən qadınlara dəfələrlə "boşanma, döyübsə eybi yox", deyirlər, nəticə isə acınacaqlı olur".

Aksiya iştirakçıları nazirliyin qarşısına üstündə öldürülən qadınların adları yazılmış tabutun maketini gətiriblər. Polis əməkdaşları isə həmin maketi onların əlindən alıb.

Aksiya iştirakçılarından 3 nəfərin - Aytac Ağazadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəylinin saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a bildirib ki, aksiyada saxlanılan yoxdur.

O qeyd edib ki, "qadınların qətlləri siyasidir" ifadəsi özü siyasi layihədir. "Azərbaycanda qadın hüquqları etibarlı qorunur, polisə daxil olan bütün müraciətlərə dərhal çevik reaksiya verilir. Hansısa formada qadınların zorakılığa məruz qalması, onun hüquqların pozulması ilə bağlı kimdəsə məlumat varsa, xahiş edirik həmin məlumatları müvafiq qaydada polis orqanlarına versinlər", deyə o bildirib.

AzNews.az