İranın bir adı var: “Qarpız İran” - Cahandar Bayoğlu

31 İyul 2021 16:27 (UTC+04:00)

Turan Partiyasının Başqanı Cahandar Bayoğlu siyasi gündəmdə baş verən son hadisələrlə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Cahandar bəy , Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə bayram namazında verdiyi xütbədə demişdi ki, Ayətullah Xameneyinin fətvası Qarabağı erməni işğalçılarından azad etdi. Cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu çıxışla bağlı sizin fikirləriniz nələrdir?

- Şeyxin dini siyasətə cəlb etmək mövqeyini haqlı olaraq Azərbaycan xalqı qəbul etmir. Özəlliklə gənclik bu cür fikirləri tamamilə rədd edir. Şeyx bu açıqlamasında öz mövqeyini sərgiləyərək, xalqdan ayrı düşdü. Onun və bir neçə dostunun ağaları Ocaq Necatla birlikdə müdafiə etdiyi mövqe cəmiyyət tərəfindən sıfırlanmışdır. Bu baxımdan Azərbaycanın milli düşüncəsini, dövlətçilik təfəkkürünü getdikcə daha çox mənimsəyən toplumumuza dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, Azərbaycanda istənilən yad düşüncəli mövqe qəbul olmayacaq.

Allahşükür Paşazadəyə bağlı olan media rəhbərləri, xüsusi qüvvələr, İran mənşəli trollar Azərbaycanda Ocaq Necat hərəkətlənməsini daha çox Türkiyəyə qarşı mübarizə kimi təqdim etməyə çalışıblar. Elə bununla İranın Azərbaycana dair gizli niyyətlərini açıqlayırlar. Onlar Türkiyə – Azərbaycan , dünya müsəlmanları arasında məhzəbçiliyi körükləməyə, islam dinini parçalamağa çalışırlar. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında məhzəbçilik adı altında nifaq salmaq istəyirlər.

- Şeyxin fikirlərinə Türkiyədən də münasibət bildirilib. Rəcəb Təyyib Ərdoğanın müşaviri Mücahid Küçükaslan öz Twitter hesabındakı paylaşımında “Xamaneyi Ermənistana silah göndərəndə, Azərbaycana da fətva göndərib. Amma Xameneinin fətvası onun silahını yenmiş” deyə yazıb....

- Bəli, bu Azərbaycanda olduğu kimi: Türkiyədə də tamamilə qəbuledilməz sayılıb. Əslində, Rəcəb Təyyib Ərdoğanın müşaviri Mücahid Küçükaslan bu mövqeyi tək onun yox, bütünlüklə 85 milyonluq Türkiyə Cümhuriyyətinin, türk millətinin düşüncəsini əks etdirir. Həmçinin də 60 milyonluq Azərbaycanın.

- İkinci Qarabağ müharibəsi zamanı İran prezidenti Həsən Ruhani Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi. Bu nə qədər səmimi idi? İranın müharibədə Azərbaycana qarşı əsl mövqeyini necə qiymətləndirsiniz?

- Azərbaycan cümhuriyyətə qovuşduqdan bu yana İran adlanan fars şovinist çətəsi Azərbaycan müstəqilliyinə qarşı fəaliyyət göstərib. Hər zaman ermənilərin yanında olub, müharibələrdə ermənilərə dəstək verib. 30 illik müharibə müddətində İranın bir neçə bankı Xankəndində fəaliyyət göstərib. Həmçinin İrana məxsus yüzlərlə şirkət Xandəndində fəaliyyətdə olub. İran dövləti özünün dünyaya dini dövlət olaraq təqdim etməsinə baxmayaraq, Qarabağdakı məscidlərdə ermənilərin donuz saxlamağına seyirçi qalırdı. Hətta bu donuzların saxlanılmasına da ortaq idilər. Budur İranın "dini" mövqeyi. Azərbaycana olan düşmənçilik bu gün də davam edir. Bu düşmənçilik Azərbaycan Respublikasına deyil, bütovlükdə türk dünyasına qarşı yönəlib. Çünki bu düşmənçiliyin arxasında türkə yağılar durur. İranın, sadəcə, bir adı var: “Qarpız İran”. Yəni içi qırmızı, çölü yaşıl. İranı görünüşcə islam, daxildə isə dinsizlər ölkəsi, qırmızı bolşeviklər adlandıra bilərik. Harada türk millətinə, Azərbaycan qarşı bir hərəkət varsa, orada İran var, İranın əli var. Bu baxımdan ermənilərin arxa-dayağı olan İranın əli Qarabağda Azərbaycana atılan hər bir güllənin tətiyində idi.

- İran son günlər ölkədə su böhranı səbəbi ilə keçirilən etirazlara Türkiyənin səbəb olduğunu açıqlayıb. Ümumilikdə hazırda Türkiyə - İran münasibətləri nə yerdədir?

İran dünya dövlətləri tərəfində təcrid olunmuş bir vəziyyətdədir. Bölgə qaynar bir qazana çevrilir. Əfqanıstanda, Yaxın Şərqdə problemlər çözülməyib. Getdikcə bu böhran daha da dərinləşir. İranda daxili siyasət o vəziyyətdədir ki, xalq rejimə olan münasibətini tamamən əks istiqamətdə dəyişmişdir. Rejimin xalq arasında dayaqları yoxdur, rejim hər an çökə bilər. Bu baxımdan da fars şovinist çətəsi Türkiyəyə qarşı yanlış mövqe sərgiləməkdədir. Başına nə gəlirsə, türk millətindən görür. Hesab edir ki, bunun başında Türkiyə durur. Fars şovinist çətəsi İranı dağıtmağa belə hazırdır. Yetər ki, Türkiyə zərər çəksin.

- Ermənistan mütəmadi olaraq Kəlbəcər istiqamətində atəşkəsi pozur, sərhəddə gərginlik yaradır. Baş verən təxribatların arxasında İran da dayanırmı?

- Bu gün Xankəndində ermənilərin yaşamasının birbaşa həyatverici tərəfi fars şovinist çətəsidir. Bunlar türk düşmənçiliyindən əl çəkmirlər. Hətta məlumatlar var ki, İran Zəngəzura hərbi birliklər yerləşdirmək istəyir. Bu baxımdan Rusiya və İran arasında qarşıdurma yaranmış sayılır. Ermənistan məsələsində İranda Rusiyaya qarşı güvənsizlik yaranıb. Rusiyadan tələb edir ki, bu bölgədə mən də varam. Azərbaycana və Türkiyəyə olan düşməçiliyimi özüm davam etdirəcəm. Bu səbəbdən Azərbaycana qarşı atılan neqativ addımların arxasında İranın olduğunu qəbul etməli və buna inanmalıyıq.

- Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişini imzalanmasına İran dəstək verir, yoxsa maneə olur?

- Təbii ki, bu sülh sazişini ana konturları bəllidir. Bu atəşkəs sazişinin müddəalarından irəli gələn prinsiplərdir. Erməni tərəfi buna əməl etməlidir. Rusiya müəyyən mənada bu sazişin gerçəkləşməsində maraqlı görünür. İran tərəfi isə, belə bir sazişin olmasını qətiyyən istəmir. Fars şovinist çətəsi ermənilərə xoş olacaq vədlər verərək ,onlara hər cür yardım etmək uğrunda mübarizədə olduqlarının bildirir. Yetər ki, Cənubi Qafqazda barış olmasın. Cənubi Qafqazada Türkiyənin artan nüfuzu həyata keçməsin deyə çalışırlar. Lakin İranın bu xəyalı və arzuları reallığı əks etdirməyəcək. Cənubi Qafqzada Türkiyə və Azərbaycan nə deyir o da olacaq.

- Əli Kərimlinin müavini Elçibəyi "solçu" adlandırıb. Siz necə düşünürsünüz, Elçibəy gerçəkdənmi "solçu" idi?

- Hər kəs bilir ki, Elçibəy böyük türk milliyətçisi idi. Özünü "millətçi demokrat" adlandırırdı. Dövlət və millətin taleyi nə istəyirsə, millətçi demokrat onu həyata keçirməyi özünə borc bilir ki, dövlət və millət xilas olsun. Azərbaycanda bir ideoloji boşluq, idedoloji anlaşmazlıq var. Bunun üçün insanlar solçu nədir, sağçı nədir, bunların ayrımçılığı, kəsişən tərəfləri nədir bilmədən, öyrənmədən danışırlar. Hesab edirəm ki bu cür açıqlamalar verən şəxslərin niyyətləri ortada olmalıdır. Bütün hallarda Elçibəy bütov Azərbaycan uğrunda mücadiləci idi. Türk dünyası uğrunda mübarizə aparan, böyük fikir adamı idi. Azərbaycan və Türkiynin konfederal bir qurumda birləşməsi uğrunda mücadilə aparırdı. Elçibəyi belə xarakterizə etmək lazımdır. Əgər bu gün türk birliyi, bütöv Azərbaycan uğrunda mübarizə varsa, Türk- Azərbaycan birliyini istəyən siyasi hərəkətlənmə varsa, o hərəkətlənməni aparan şəxsin solçu, yaxud sağçı olmasından asılı olmayaraq, mən onun əlini sıxıb, alnından öpərəm.

Şəbnəm Zahir