Paşinyan Ermənistanın Baş naziri təyin olundu - YENİLƏNİB

2 Avqust 2021 14:08 (UTC+04:00)

Baş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub.

Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.

Qeyd edək ki, N. Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.

Yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir. (APA)

12:18

Ermənistan parlamentində çoxluqda olan “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın namizədliyini bu posta irəli sürüb

Bu barədə fraksiyanın katibi Nazeli Baqdasaryan feysbuk səhifəsində yazıb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra Baş nazir postuna çoxluğun nümayəndəsini təyin edir. Nazirlər Kabineti isə Baş nazir təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.

Qeyd edək ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.