Jirinovski Alqayıt Vəliyevdir

2 Avqust 2021 16:21 (UTC+04:00)

Amma və lakin Rusiyada Azərbaycana, azərbaycanlılara yanaşmada Jirinovski sayaq davranan şəxslər də yox, qurumlar var. Məsələn, Aleksandr Bastrıkinin rəhbərlik etdiyi Rusiya Federal İstintaq Komitəsi. Onun bu yaxınlarda azərbaycanlı gənci vəhşicəsinə qətlə yetirən yol polis əməkdaşını necə həbsdən açıb buraxdığını yəqin unutmamısınız. Yəqin onu da unutmamısınız ki, siyasətçi olaraq təlxək rolu oynamaq tapşırılan həmən Jirinovski o vaxt da İstintaq Komitəsi rəhbərinin hərəkətinə haqq qazandırmış, soydaşlarımız haqda rasist fikirlər səsləndirmişdi.

İndi də oxuyuram ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Alqayıt Vəliyev deyilən və hara işlədiyi anındaca hiss olunan bir "azərbaycanlı"nın şikayəti əsasında Çelyabinskdəki Cümə Məscidinin imam köməkçisi Rinat Yaminyevi məhkəməyə verib. Səbəb bilirsiniz nə imiş? Rinat Yaminyev sosial şəbəkədə Ağdam Məscidində hayların donuz saxlamaları haqda cənab İlham Əliyevin açıqlamasını, bir də cənab Ərdoğanın Makronun islamafob davranışını tənqid edən fikirlərini paylaşıbmış.

İndi imam köməkçisinə qarşı, "nifrət və ya düşmənçilik aşıladığına görə" iş qaldırılıb. Həmən Federal Təhlükəsizlik Xidmətinin ekspert qismində cəlb etdiyi biri bu paylaşmaların guya islam fundamentalizminə yol açdığını, haylara nifrət formalaşdırdığını, müsəlmanların xristianlardan üstün olduğunu təbliğ etdiyini bildirib. Və əlavə edib ki, bu, Çelyabinskdəki müsəlmanlar üçün "Dağlıq Qarabağ münaqişəsini aktuallaşdırır".

Guya Federal Təhlükəsizlik Xidmətinə ərizə yazdığı bildirilən, əslində isə adından ərizə yazılan Alqayıt Vəliyev isə görün nədən narazıdır:" Sözü gedən informasiya mənim dini hisslərimə toxundu və məscidlə o cür davrandıqlarına görə haylara qarşı mənfi emosiya yaratdı. Bununla yanaşı sağlam düşüncəli biri olaraq anlayıram ki, .....haylar xristian olduqlarından məscid onlar üçün adi tikilidir və onlar bunun kiminsə dini hissinə toxunacağının fərqinə varmadan orada nə istəsən yerləşdirə bilərlər".

Alcaqlığı, riyakarlığı və məkri yəqin görürsünüz. Məscidində donuz saxlanılan bir "azərbaycanlı" bu haqda informasiya paylaşan çox güman ki, başqırd Rinat Yaminyevi məhkəməyə verir ki, niyə sən məndə haylara qarşı nifrət oyatmağa çalışırsan.

Bütün bu yaramaz oyunun arxasında nə gizləndiyi isə aydındır. Bununla Rusiyadakı tatarlara, başqırdlara və digər türk toplumu təmsilçilərinə göstərilir ki, baxın, azərbaycanlıların təəssübünü çəkirsiniz, onların təmsilçisi isə buna görə sizi məhkəməyə verir.

Bu oyun həm də onu oynayanların zəif tərəflərini, nədən oddan qorxan kimi çəkindiklərini də üzə çıxarır ki, geniş açıqlanmasına ehtiyac duymuram.

Bir sözlə, Jirinovski heç də öz oyununu oynamır, Alqayıt Vəliyev kimi oynadılır. Biz toplum və fərd olaraq ayıq davranmalı, Azərbaycanın qazandığı qələbəni həzm etmək istəməyən açıq və gizli düşmənlərin bütün məkrlərinə rəğmən dövlətimizi göz bəbəyi kimi qorumalı, Müzəffər Ali Baş Komandanımızın ətrafında daha da sıx birləşməliyik.