Ötən gün toylarda 89 nəfər cərimələnib

3 Avqust 2021 09:23 (UTC+04:00)

Avqustun 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 288 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, monitorinq 226 şadlıq sarayında, 62 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 2736 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.