Parlamentdə mübahisə: “Qulaq asıb görərsiniz, kim kimi təhqir edib” - SPİKER

3 Avqust 2021 12:59 (UTC+04:00)

"Bu hadisə ilə Milli Məclis xalqın gözündə kiçildi".

Aznews.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Tahir Kərimli həmkarı Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı Baş prokurorun təqdimatına münasibət bildirərkən deyib. T.Kərimli əlavə edib ki, deputatın səlahiyyətlərinə müdaxilə etməyə polisin ixtiyarı yoxdur:

"Bu polis əslində rəisinə müraciət etməli idi. İndi biz nə etməliyik? Polisə hərbi salam verməliyik? Bu, o deməkdir ki, polisin adamı var, deputatın yoxdur. Bəli, Eldəniz Səlimov cəzalandırılmalıdır. Amma biz özümüzü bu qədər aşağılayırıq. Onda elə camaat düz deyir də, parlament elə buraxılsın, yenidən formalaşsın".

Spiker Sahibə Qafarova isə Tahir Kərimliyə sərt şəkildə cavab verib: "Sizin çıxışınız başadüşülən deyil. Bu nə deməkdir ki, Milli Məclisin yiyəsi yoxdur? Milli Məclisin yiyəsi xalqdır, dövlətdir. Mən sizi dəvət edəcəyəm, bir səs yazısına qulaq asarsınız, görərsiniz kim kimi təhqir edib".